Londonda Novruz bayramı təntənəli şəkildə qeyd edilib.
Tədbir “City, University of London”un Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, “Queen Mary”, “Imperial College London” və “UCL” universitetlərindəki Azərbaycan cəmiyyətlərinin dəstəyi ilə reallaşıb.
Bayram şənliyi Azərbaycan mədəniyyətini və Novruzun qədim ənənələrini tanıtmaq məqsədilə təşkil edilib. Tədbirdə tələbələr və qonaqlar üçün milli musiqilər səsləndirilib, rəqslər nümayiş olunub və bayrama məxsus şirniyyatlar təqdim edilib. Novruzun əsas simvollarından olan səməni, boyanmış yumurtalar və şamlarla bəzədilmiş məkan tədbir iştirakçılarına bayram ab-havası yaşadıb.
Tədbirdə Novruzun Azərbaycan xalqı üçün tarixi və mədəni əhəmiyyətini vurğulanıb, Londonda bu cür tədbirlərin Azərbaycan irsinin tanıdılması baxımından önəmli olduğu qeyd olunub. Universitetin xarici tələbələri də tədbirə böyük maraq göstəriblər.
AZƏRTAC-ın xüsusi müxbiri
London