Ana səhifə XəbərlərMədəniyyət Bu gün Xalq yazıçısı Əli Vəliyevin anım günüdür

Bu gün Xalq yazıçısı Əli Vəliyevin anım günüdür

admin2

Bu gün görkəmli qələm ustası, roman, povest və hekayələr müəllifi, Xalq yazıçısı Əli Vəliyevin vəfatından 41 il ötür.

AZƏRTAC xəbər verir ki, ədəbi yaradıcılığa gənc yaşlarından başlayan Əli Vəliyev özündən sonra zəngin bir ədəbi irs qoyub.

Əli Vəliyev 1901-ci il fevralın 27-də Azərbaycanın qədim Zəngəzur qəzasının Ağudi kəndində anadan olub. Kəndin 3 sinifli rus məktəbində, daha sonra Şuşa Firqə məktəbində və Bakı Mərkəzi Firqə məktəbində təhsil alıb. Ali təhsilini Azərbaycan Dövlət Darülfünununda davam etdirib. Əmək fəaliyyətinə “Şərq qapısı” qəzetinin redaktoru vəzifəsində başlayıb. Sonrakı dövrlər “Kommunist” qəzetinin baş redaktoru, Yazıçılar İttifaqının katibi, “Azərbaycan” jurnalının baş redaktoru kimi vəzifələrdə çalışıb. Beş övlad atası olub.

Əli Vəliyev 1920–1930-cu illərdən başlayaraq dövri mətbuatda oçerk və hekayələrlə çıxış edir. Həmin illər işıq üzü görmüş “Allahın səyahəti”, “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Qəhrəman”, “Ordenli çoban”, “Sübut” kimi kitabları tez bir zamanda geniş oxucu auditoriyasının rəğbətini qazanır.

Böyük Vətən müharibəsi illərində cəbhəyə könüllü yollanan yazıçı, iştirakçısı və şahidi olduğu döyüşlər, əsgərlərimizin qəhrəmanlığı haqqında silsilə məqalələr yazır. Həmin dövrlər onun müharibədən bəhs edən “Cəbhə hekayələri”, “Ərköyün”, “Sovqat” adlı kimi kitabları nəşr olunur.

1950–1970-ci illərdə yazıçının “Madarın dastanı”, “Ürək dostları”, 6 cildlik “Seçilmiş əsərləri” “Turaclıya gedən yol”, “Budağın xatirələri” romanları, “Zəngəzur qartalları”, “Bir cüt tərlan” povestləri, “Uşaqlara sovqat”, “Əziz nəvələrimə”, “Anaqız”, “Bir cüt ulduz”, “Yeni həyat” hekayələr kitabı, “Zamanın ulduzları”, “İstedad”, “Samovar tüstülənir”, “Gəncliyimi tapdım”, “Durna qatarı” adlı roman, povest, hekayə və oçerkləri toplanan kitabları işıq üzü görür. 1980-ci illərdə “Qarabağda qalan izlər”, “Narahat adam” romanları, “Qənirsiz gözəl”, “Zamanın ulduzları” adlı povest və hekayələrinin toplandığı kitabları kütləvi tirajlarla nəşr edilir.

1950-ci ildə “Gülşən” povestinin motivləri əsasında görkəmli bəstəkar Soltan Hacıbəylinin bəstələdiyi eyniadlı balet Azərbaycan Opera və Balet Teatrının, 1953-cü ildə isə Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulur.

1958-ci ildə yazıçının “Gülşən” povesti və “Çiçəkli” romanı M.F.Axundov adına Dövlət mükafatına, 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. Müxtəlif dövrlərdə Lenin, “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı”, “Şərəf Nişanı” ordenləri və SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilir.

Dilinin zənginliyi, rəvanlığı, xalq danışığından bəhrələnən şirin sadəliyi, şəxsiyyətindən doğan səmimiyyəti ilə Əli Vəliyev dövrünün ən çox oxunan, sevilən yazıçılarından olub. Janrından asılı olmayaraq əsərlərindən duyulan torpaq, çörək ətri, halallıq qoxusu bu gün də öz təzəliyini, təravətini qoruyub saxlayır. İstedadı və yaradıcı zəhməti ilə Azərbaycan ədəbiyyatının inkişafına, dilin zənginləşməsinə misilsiz töhfələr vermiş yazıçı sözün çəkisini, namusunu ləyaqətlə qorumuş, sovet rejiminin ən çətin sınaqlarından alnıaçıq, üzüağ çıxaraq, mənliyini, qürurunu, ədəbiyyata, dosta sədaqətini hər şeydən uca tutmuşdur.

Öz “tərcümeyi-hal”ında yazdığı bu sözləri Əli Vəliyevin ömür yolunun devizi qəbul etmək olar: “Öz namuslu əməyi ilə həyat sürmək, sənəti ilə yaşayıb ömrü başa vurmaq, əsərləri ilə oxucuların qəlbinə yol tapmaq yazıçı üçün ən böyük sərvətdir”.

Əli Vəliyev 1983-cü il fevralın 2-də Bakı şəhərində vəfat edib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00