Mərkəzi Asiyanın türk dövlətlərini Kipr (yunan) Respublikasını rəsmən tanımağa, hətta orada səfirlik açmağa nə məcbur edib? Axı bu ölkələrin liderləri bilməliydilər ki, bununla həm Türkiyə ilə münasibətlərə, həm də özlərinin iştirakçısı olduğu Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinə zərər verəcəklər.
Bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Mərkəzi Asiya ölkələri Kipr (yunan) Respublikasının ardınca Şimali Kipr Türk Respublikasının tanımağa qərar versəydilər, bunu strateji addım kimi qiymətləndirmək olardı:
“Ancaq Mərkəzi Asiya ölkələrinin Şimali Kipri tanıyacaqlarına işarət edən heç nə yoxdur. Digər tərəfdən Mərkəzi Asiya ölkələrinin Kipr (yunan) Respublikası ilə eyni anda bağlar qurması həmin dövlətlərin bunu bir-birləriylə koordinasiyalı və planlı şəkildə həyata keçirdiyi görüntüsü yaradıb. Onların bu planından nə Ankaranın, nə də Bakının əvvəlcədən xəbəri olub”,-o deyib.
Politoloq Qazaxıstanın qərarının məntiqini anlamaq məqsədilə illərdir tanıdığı və dostluq etdiyi qazax həmkarımla əlaqə saxladığını və ona suallar ünvanladığını deyib:
“Statusdakı sualları ona ünvanladım. Qazax həmkarım Mərkəzi Asiya ölkələrinin bu qərarını aprelin 4-də Özbəkistanın Səmərqənd şəhərində Avropa İttifaqı rəhbərliyi ilə keçirilən sammiti ilə əlaqələndirdi. Onun fikrincə, Kipr (yunan) Respublikası ilə sıx əlaqələr Brüsselin istəklərindən biri olub. Avropa İttifaqı Mərkəzi Asiya dövlətlərinə milyardlarla avro yatırımlar və ortaq layihələrin reallaşmasını vəd edib. Ancaq Brüsselin bu “istəyinin” yerinə yetirilməsi türk ittifaqının maraqlarına uyğun deyil. Prezident İlham Əliyev aprelin 9-da ADA-nın təşkil etdiyi beynəlxalq tədbirdə Azərbaycanın Şimali Kiprlə əlaqələri bundan sonra da inkişaf etdirəcəyini bildirib.Kipr Prezidenti və ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanan bu açıqlama Azərbaycan Prezidentinin Mərkəzi Asiya dövlətlərinin son qərarı ilə razılaşmadığı anlamına gəlir. Digər tərəfdən İlham Əliyev Avropa İttifaqı və Avropa Şurasından danışarkən, Azərbaycanın artıq bu qurumların qərarlarından asılı olmadığını vurğulayıb. Bunları əsas götürərək Azərbaycanın Mərkəzi Asiya ölkələrindən fərqli olaraq Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıyacağı və Lefkoşada səfirlik açacağı gün uzaqda deyil”.