“Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Qafqaz ölkələri arasında qarşılıqlı etimada, mehriban qonşuluq münasibətlərinə əsaslanan sıx əməkdaşlıq formatının yaranması olub və bu istiqamətdə ardıcıl siyasətini həyata keçirib. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, uzun illər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti bu ideyanın reallaşmasına imkan verməyib. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yartadığı yeni reallıqlara uyğun olaraq bölgədə dayanıqlı sülhə, sabitliyə əsaslanan sıx inteqrasiya olunmuş əmədkaşlıq formatının reallaşması istiqamətindəki siyasətini həyata keçirmək üçün aktiv siyasət yürtüməkdədir. Məhz bu səbəbdən də Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün ən praqmatik ideyalar Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur”.
Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Deputat bildirib ki, Azərbaycan bu istiqamətdə Gürcüstanla çox sıx əməkdaşlıq etməkdədir. “Lakin bununla paralel olaraq Ermənistanla da münasibətlərin qurulması və etimad mühtinin yaranması istiqamətində ilkin addımlar atılmaqdadır. Bu məqsədlə cənab Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasındakı münaqişənin həll olunması və sülh danışıqları istiqamətində kənar vasitəçilər olmadan ikitərəfli qaydada davam etdirilməsinə nail olub. Azərbaycan Prezidenti yerli televiziya kanallarına müsahibəsində də bu məsələyə toxunaraq demişdi ki, Ermənistan bu sülh müqaviləsinin zəmanətçiləri olmasını istəyir: “Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır”. Çünki vasitəçilər heç də münaqişənin həllində deyil, öz maraqlarının təmin olunmasına çalışıblar. Amma İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar daha çox nəticə verib. Bunu hətta Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bu günlərdə verdiyi müsahibəsində etiraf edərək deyib ki, tarix ikitərəfli danışıqlar zamanı daha çox uğurun qazanıldığını sübut edib.
İkitərəfli görüşlərlə yanaşı, cənab prezident İlham Əliyev “Qafqaz evi” ideyasının reallaşması istiqamətində son illərdə Azərbaycan-Gürcüstan-Ermənistan arasında da üçtərəfli formatlarda görüşlər keçirilməkdədir. Prezident İlham Əliyev hələ 2023-cü ilin oktyabrın 8-də Gürcüstana səfəri zamanı bir daha “Qafqaz evi” ideyasının əhəmiyyətini gündəmə gətirib. İdeyanın daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq 2023-cü il oktyabrın 25-də Baş nazir Əli Əsədov Gürcüstana səfər edib və üçtərəfli format konsepsiyası çərçivəsində baş tutan Beynəlxalq İpək Yolu Forumunda iştirak edib.
17 aprel 2025-ci ildə Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan XİN nümayəndələrinin görüşünü də bu qəbildən hesab etmək olar. Proses ləng olsa da, irəliyə doğru irəliləməkdədir. Prosesin lokomotivi isə yenə də Azərbaycandır. Azərbaycan Gürcüstanla səylərini birləşdirib bu istiqamətdə birgə addımlar atmaqdadır. Çünki bu ideya regionda əmin-amanlığın yaranmasının, bölgə xalqlarının rifah halının yaxılaşmasının, inkişafın yeganə reseptidir. Ona görə də regionda sülh istəyən ölkələr İlham Əliyevin bu istiqamətdəki ideya və təşəbbüslərinə ikiəlli dəstək verməlidir. Bu istiqamətdə atılan addımlar nəticədə Cənubi Qafqazda yeni əməkdaşlıq mühiti yaratmaqla yanaşı, yeni iqtisadi layihələrə yol açacaq. Ermənistan əgər doğrudan da üzləşdiyi izolyasiya vəziyyətindən çıxıb regional əməkdaşlıq modelinin, Avrasiya coğrafiyasında logistik layihələrin tərkib hissəsi olmaq istəyirsə, o zaman prosesləri düzgün dəyərləndirib buna uyğun addımlar atmalıdır. Bu baxımdan da top artıq Ermənistanın meydançasındadır”.