İrandakı mühafizəkar dairələr münasibətlərin sürətli inkişafına imkan verəcəkmi? – rəy
İran prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına səfərinə sayılı günlər qaldı. Aprelin 28-ə nəzərdə tutulan ilk rəsmi ziyarət təbii ki, təkcə ölkəmizdə və İranda deyil, yaxın-uzaq coğrafiyada və bir sıra güc mərkəzlərdə də diqqətlə izləniləcək.
Səfər ərəfəsində Pezeşkian öz hökumətinin iclasında çıxış edib. O, İran və Azərbaycan xalqları arasında əlaqələrdən, ortaq tarix və mədəni dəyərlərdən danışıb. Bu barədə məlumatı İSNA yayıb.
Prezident bildirib ki, yaxın zamanda iki ölkə arasında münasibətlər sürətlə inkişaf edəcək: “Azərbaycan və İran eyni bədənin hissələridir. Sərhədin hər iki tərəfində yaşayan xalqların minilliklərə söykənən, dərin dostluqlara əsaslanan geniş qarşılıqlı maraqları var.
İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur. Hazırda davam edən münasibətlərin bərpası prosesi nəticəsində tezliklə sürətli və əhəmiyyətli əməkdaşlığa şahidlik edəcəyik”.
İran Prezidenti eyni zamanda, səfərinin iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar yaradacağına ümid etdiyini bildirib: “Aparılan məsləhətləşmələr və görülən hazırlıq işləri nəzərə alınmaqla, bu səfər hökumət, özəl sektor və dövlət sektorları arasında iqtisadi, ticarət, mədəniyyət, turizm və siyasi sahələrdə əlaqələrin dərinləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq və sürətləndirəcək”.
İclasda iştirak edən nazirlər də Azərbaycanla əməkdaşlığın son vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün aparılan məsləhətləşmələr barədə məlumat veriblər.
Xatırladaq ki, İran prezidenti sonuncu dəfə Azərbaycanda 2018-ci ildə səfərdə olub. O vaxt prezident postunu Həsən Ruhani tuturdu.
Bəs İrandakı mühafizəkar dairələr Pezeşkianın dediyi kimi, iki ölkə arasında münasibətlərin sürətli inkişafına imkan verəcəkmi?
Çünki Bakı-Tehran əlaqələri yumşalmaqdadır. Son zamanlar qarşılıqlı səfərlər də intensivləşib. Səfirliyimizin terror edilməsi ilə başlanmış gərginlik və İrandan təhdidlər uzun müddət münasibətlərdə ciddi soyuqluq yaratmışdı.
Hazırda əlaqələrin axarına düşməsi istiqamətində addımlar atılır. Xüsusən də logistikalar mövzusunda – Şimal-Cənub dəhlizi, Araz dəhlizi və digər istiqamətlər, həmçinin Rəşt-Astara dəmiryolu ilə bağlı təmaslar, danışıqlar aparılır.
Elə bu səbəbdəndir ki, İranın Ticarət Palatasının sədr müavini Hüseyn Pirmüəzzin Ərdəbil və ölkənin şimal-qərb əyalətlərindən 110 özəl sektor fəalı və iqtisadi heyətin Pezeşkianın səfəri ərəfəsində Azərbaycana yola düşəcəyini açıqlayıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevral ayında qonşu ölkəyə səfəri zamanı Məsud Pezeşkianla, onun siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşü də münasibətlələrin inkişafında mühüm rola oynayıb.
Bu görüşlərdə Bakı-Tehran ikitərəfli əlaqələri və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycan dəfələrlə bəyan edib ki, İranla heç bir məhdudiyyət olmadan və qarşılıqlı fayda əsasında mehriban qonşuluq şəraitində siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Münasibətlərdə əsas məqam isə etimadın gücləndirilməsi və anlaşılmazlıqların aradan qaldırılmasıdır.
Fevralda daha bir mühüm addım atıldı. Baş nazir Əli Əsədov Tehrana səfər etdi və Pezeşkian tərəfindən qəbul edildi. İşgüzar səfər çərçivəsində reallaşmış görüşdə Azərbaycan-İran əlaqələrinin dostluq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Nəqliyyat, energetika və neft-qaz sahələrində həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər nəzərdən keçirildi.
İqtisadi əməkdaşlığa gəldikdə, bu ilin yanvarında baş nazirin müavini Şahin Mustafayev Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak məqsədilə İranda səfərdə olub.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Pezeşkian İranın Azərbaycana aid siyasətini dəyişməlidir: “Bizi bunu hələ ki hiss etmirik. Doğrudur, isti açıqlamalar verir. Ancaq onun ”Azərbaycan və İran eyni bədənin hissələridir” deməsi anlaşılan deyil. Azərbaycan müstəqil ölkədir və bizə İranın bir hissəsi kimi yanaşa bilməzlər. Yəni Tehran köhnə yükdən xilas olmalıdır”.
Partiya sədri bununla belə münasibətlərin normallaşması istiqamətində müsbət cəhdlər müşahidə olunduğunu vurğuladı: “Sadəcə, İran o qədər ideoloji ehkamların, doqmaların olduğu yerdir ki, birdən-birə münasibətləri dəyişmək ox çətindir. Təkcə Azərbaycandan söhbət getmir, bütün ətrafına qarşı mühafizəkardır, içəridə bir köhnə təfəkkür mövcuddur. Hər halda, irəliyə doğru atılan bir addım kimi qəbul etməliyik. Çünki Pezeşkian böyük heyətlə Azərbaycana gəlirlər. Burada müxtəlif istiqamətlərdə əməkdaşlıq əlaqələri qurmağa çalışacaqlar. Xüsusən də İranın Araz dəhlizi ilə bağlı ciddi niyyəti var. Bu logistika cənub qonşumuzun da xeyrinə olacaq. Yəni Pezeşkianın səfəri müsbət hadisədir, amma İranın da niyyəti xoş olmalıdır”.
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova Pezeşkianın Bakı səfərini mühüm hadisə kimi qiymətləndirdi. Onun sözlərinə görə, İran Azərbaycanla əlaqələri yaxşılaşdırmaq həvəsindədir: “Çünki sanksiyalar bir yandan ölkəni boğur, İsrail və ABŞ-nin hücum planları tez-tez nəzərdən keçirilir, üstəlik, Azərbaycanın gücləndiyini dərk edirlər, bizim İsrail, Türkiyə, Qərblə münasibətlərimizin səviyyəsini anlamağa başlayıblar, ona görə də əvvəlki təhdid ritorikasından keçib əməkdaşlığı genişləndirmək barəsində fikirləşirlər. Bu da Tehranın düşdüyü şəraitdən irəli gəlir. Azərbaycan həmişə cənub qonşusuna dost münasibəti sərgiləyib, sadəcə, oradakı dini rejim, xüsusən SEPAH bizə nifrət yağdırıb. İndisə təbrizli balası olan Pezeşkianın ölkəmizə gəlişi ilə münasibətlərdə yeni bir səhifə açılır”.
Ekspert düşünür ki, bundan sonra Azərbaycan-İran əlaqələrində fərqli mərhələ, əməkdaşlığın inkişafı dövrü olacaq: “Ən azından Pezeşkian prezident olduğu illərdə bunu görə biləcəyik. Eyni zamanda, Zəngəzur və Araz dəhlizləri hazırda aktual layihələrdir. İran görür ki, Azərbaycanla işləmək lazımdır, onu təhdid etmək yox. Sözsüz ki, orada mühafizəkar dairələr zaman-zaman əlaqələri korlamağa cəhd edirlər. Əsasən də SEPAH-a yaxın media resursları Azərbaycana nifrət püskürürlər, amma qarşıdakı dövrdə bu gərginliyin olacağını gözləmirəm”.