Hörmətli oxucular!
Ötən gün Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə görkəmli kinorejissor Niyazi Bədəlovun 115 illik yubileyi münasibətilə xatirə gecəsi keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.
Əvvəlcə kinorejissor Niyazi Bədəlovun xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi. Xatirə gecəsini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Azərbaycan sənədli kino salnaməsinin yaradılmasında Niyazi Bədəlovun böyük xidmətlərindən danışdı, Film Fondunun muzeyində ona məxsus nadir rejissor ssenarisinin qorunub saxlanıldığını qeyd etdi. Sonra Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə N.Bədəlov haqqında geniş şəkildə xatirələrini bölüşdü, sağlığında ondan atalıq qayğısı gördüyünü bildirdi. Filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy sənətkarın öz filmlərinə ürək qoyduğunun hər zaman hiss olunduğunu dedi. Sənətkarın ailə üzvləri adından tarix üzrə fəlsəfə doktoru, dosent Esmira Cavadova çıxış edərək, tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.
Çıxışların sonunda kinorejissor Niyazi Bədəlovun “Onun adı Serafino idi” və “Estafet” sənədli filmləri tamaşaçılara təqdim olundu.
Tədbirin sonunda Niyazi Bədəlovun 115-illik işığına yığışan sənətsevərlər onu ayaqüstə alqışladılar. Azərbaycan filminin inkişafına xidmət edən sənətkarımızın ruhu şad olsun.
Mənzər Qurbanova