Ana səhifə XəbərlərMünaqişə Yaxın Şərq böhranı:

Yaxın Şərq böhranı:

Türkiyəni gözləyən təhlükə 

admin

HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra Yaxın Şərq yeni müharibənin astanasındadır.   Haniyənin ölümündən dərhal sonra Yaxın Şərqdə genişmiqyaslı müharibənin başalanacağı gözlənilsə də, artıq iki həftəyə yaxın vaxt keçməsinə baxmayaraq Tehranın İsrailə cavabı gecikir. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var.

Birincisi, Tehran savaşa hazır olmadığı bir zamanda yaxalanıb. Ölkədə yeni prezident seçilib və o hələ komandasını tam şəkildə formalaşdıraraq fəaliyyətə başlamayıb.

İkincisi, HƏMAS liderinin ölümü göstərdi ki, İranın təhlükəsizliyinin, xüsusən də hava hücumundan müdafiə sisteminin təminində ciddi problemlər var və həmin problemlər aradan qaldırılmalıdır. Bunun üçün də təcili olaraq Rusiyadan çox böyük miqdarda hava hücumundan müdafiə sistemləri almağa başladı. İranın Rusiyadan hətta S-400 Triumf hava hücumundan müdafiə batareyası aldığı da bildirilir.

Üçüncüsü, Tehran İsrailə hücum zamanı daha çıxalmaz vəziyyətə düşməməyə çalışır.

Dördüncüsü, hücuma təkbaşına deyil, tərəfdaşlarının, xüsusən də Moskva və Pekinin sıx dəstəyini qazanaraq savaşa girmək istəyir. Lakin nə Moskva, nə də Pekin lazımi səviyyədə olan dəstəyi Tehrana verə bilir. Ankara isə ümumən Yaxın Şərqdə eskalasiyada maraqlı deyil və məsələnin nə qədər çətin olsa da, danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Ona görə də Tehran beynəlxalq aləmdə tək qaldığından dilemma qarşısındadır. Nə irəli gedə bilir, nə də geri çəkilə bilir. Üzləşdiyi durum ona yaxşı heç nə vəd etmir. Beynəlxalq aləmin, xüsusən Qərb ölkələri və Ankaranın hər ötən gün Yaxın Şərqdə hərbi əməliyyatların coğrafiyasının genişlənməsinə imkan verməmək və gərginliyin azaldılması istiqamətində Tehrana təzyiqləri davam edir.

Yaxın Şərqdə müharibə coğrafiyasının genişlənməsi və İsrail-İran qarşıdurması ilk növbədə Türkiyənin maraqlarına uyğun deyil. Bölgədə müharibə coğrafiyasının genişlənməsi Türkiyənin milli təhlükəsizlik sisteminə ciddi təhdid mənbəyidir.

Digər tərəfdən müharibə coğrafiyasının genişlənməsi, prosesləri tamamilə fərqli məcrada inkişafına yönəldə bilər ki, o zaman vəziyyət nəzarətdən çıxb bölgəni idaərolunmaz xaosa sürükləyə bilər. Bu ehtimal yüksək olaraq qalmaqdadır. Belə olan halda isə nəinki münaqişə tərəfləri, o cümlədən Qərb və digər ölkələr də uduş əldə etməyəcəklər.

Burada növbəti məqam isə ondan ibarətdir ki, bölgə ilə bağlı çox məkrli planlar mövcuddur ki, bu da Türkiyənin dövlətçiliyinə birbaşa təhdidlər yaradır. Prezident Rəcəb Tayyib Ərdoğan təsadüfən demirdi ki, Fələstin Anadolunun təhlükəsizliyinin “qırmızı xəttidir”.  Anadolunun təhlükəsizlik xətti Fələstindən keçir. Əgər o xətt yarılarsa, növbəti cəbhə xətti Anadoluda olacaq. O baxımdan münaqişə coğrafiyası genişlənərsə, bu, birbaşa Türkiyəyə təhdid yaratmış olacaq.

Ankara vəziyyətin çox mürəkkəb olduğunu bildiyindən nə qədər çətin və ağır olsa da, üzləşilən dalandan çıxış yolunu yalnız və yalnız danışıqlarda görür. Odur ki, Ankara yaranmış durumdan çoxkombinasiyalı siyasi oyun qaydalarına əsaslanaraq addım atmaqdadır.

Ankara həm İsrailə qarşı hücum, təzyiq diplomatiyasından istifadə edir, digər tərəfdən isə prosesə təsir edəcək bir-birinə fərqli düşərgədə olan güclərin mövqelərini uzlaşdırmağa çalışır. Bu məqsədlə Ankara həm Qərb ölkələri ilə, həm Moskva, Pekin, İslamabad, Tehranla və digərləri ilə aktiv dialoq şəkilində böhranlı vəziyyətdən çıxmağa çalışır.

Bu dialoqun nəticəsidir ki, son vaxtlarda Ankara ilə Ağ Ev arasında çox yaxşı münasibətlər qurulub. Hətta Ağ Ev rəsmi şəkildə Ankaranın son vaxtlarda tutduğu mövqeyə, xüsusən də Yaxın Şərqdə gərginliyin azaldılması və dialoqun baş tutması istiqamətindəki fəaliyyətini təqdir edib.

Vəziyyət elə bir mərəhələyə qədəm qoyub ki, ABŞ təkcə Yaxın Şərdə deyil, Afrikadakı münaqişələrin həllində Ankara ilə sıx əməkdaşlıq etmək və onun rolundan bəhrələnmək yolunu seçib. Vaşinqton Somali ilə Efiopiya arasında, həmçinin Sudan daxilindəki böhranın aradan qaldırılmasında Ankaranın rolunu yüksək dəyərləndirərək birgə əməkdaşlıq etməkdə maraqlı olduqları mesajını veriblər.
Ankara Yaxın Şərqdə, Balkanlarda, Qafqazda və Şimali Afrikada sülhyaratma prosesində aktiv iştirakçı olmaqla yanaşı, özünə qarşı gözlənilən təhdidlərin də zərərsizləşdirilməsi və minimuma endirilməsi istiqamətində aktiv siyasətini davam etdirir. Ankaranın son zamanlarda Suriya probleminin həllində Dəməşqlə birbaşa əməkdaşlıq etməsi, PKK/YPG terroruna qarşı mübarizədə Bağdad və Ərbillə sıx əməkdaşlığı bunun bariz nümunəsidir.

Kimlərsə Türkiyənin rolunu dana bilər, amma reallıq ondan ibarətdir ki, Türkiyə bu gün Yaxın Şərqdə, Balkanlarda, Şimali Afrikada, Cənubi Qafqazda, o cümlədən Rusiya-Ukrayna münaqişəsində müəyyən dərəcədə tənzimləyici və sabitləşdirici rola malik mövqeyini orataya qoyaraq özünü təsdiqləyən gücdür.

Amma bu məsələlərin həllində elə məqamlar var ki, Ankaranın gücü xaricindədir. Bunun üçünsə Türkiyənin daha güclü olmasına və daha çevik, düşünülmüş diplomatiyasına ciddi ehtiyac var.

Bu yaxınlarda prezident Rəcəb Tayyib Ərdoğan bəyan edəndə ki, Türkiyə daha güclü olmalıdır, o zaman məhz bunu nəzərdə tuturdu. Türkiyə yeni dünya düzənində layiqli yerini tutub qlobal gücə çevrilib, özünün təhlükəsizlik sistemini etibarlı şəkildə təmin etmək üçün təkcə siyasi cəhətdən deyil, eyni zamanda iqtisadi, hərbi, hərbi sənaye, diplomatiya cəhətdən güclü olmalıdır. Türkiyə iqtisadi cəhətdən daha güclü olmalıdır, daxildə ölkənin milli maraqları ilə bağlı həmrəylik mövcud olmalıdır. Əgər ölkə nə qədər güclü olsa belə, daxildə milli maraqlar və dövlətçiliyə gözlənilən təhdidlər zamanı milli həmrəylik olmasa, bu, işləri çətinləşdirə bilər. Türkiyənin Yaxın Şərqdə, Qafqazda, Balkanlarda, Şimali Afrikada və dünyanın digər bölgələrinə söz sahibi olması üçün qeyd edilən məsələlər həllini tapmalıdır.

Təbii ki, Ankara fəaliyyətini bu istiqamətdə qurub və bu yolda irəliləyir.  Bunu görüb, buna mane olan qüvvələr var, amma nə qədər çətin olsa da, bu yol keçilməlidir.

Türkiyənin mövqeyinin güclənməsi isə Azərbaycanın, həm də bütövlükdə Türk dünyasının mövqeyinin güclənməsi və qarşıda duran hədəflərə nail olunması deməkdir.

 

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00