Fəzail Ağamalının sədrlik etdiyi Ana Vətən Partiyasının Seçki Qərargahı ötən gün Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb.
Bəyanatı təqdim edir:
44 günlük Vətən müharibəsilə suverenliyini və ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı yeni inkişaf mərhələsində ciddi addımlarını atmaqda davam edir. Əldə olunmuş Qələbədən sonra regionda formalaşmış yeni reallıq ölkədə davamlı şəkildə aparılan sistemli islahatların daha da dərinləşdirilməsinə geniş imkanlar açmışdır. Dünyada cərəyan edən mürəkkəb proseslərdən qaynaqlanan ən müxtəlif təhdidlərə qarşı mübarizə ölkənin müqavimət potensialının artırılmasını tələb etdiyi üçün yeni və effektiv siyasi konfiqurasiyanın formalaşdırılmasını zərurətə çevirmişdir. Bu baxımdan ölkədə keçirilən parlament seçkiləri müstəsna əhəmiyyətə malikdir. vakansiyalar
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) təşəbbüsü ilə 12 avqust 2024-cü ildə Ana Vətən Partiyasının ofisində Seçki Müşahidə Missiyası rəhbərinin müavini xanım Elissavet Karagiannidan və ATƏT DTİHB Seçki Müşahidə Missiyasının siyasət üzrə analitiki xanım Hoemi Arçidiakono ilə görüşün keçirilməsi qarşılıqlı etimadın yaranmasına öz töhfəsini verdi.
Qeyd edək ki, ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının əməkdaşları 14 avqust 2024-cü ildə AVP-nin 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki dairəsindən deputatlığa namizəd Günay Ağamalının Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərlə görüşünü müşahidə etmişdir.
Növbədənkənar parlament seçkilərində 7 namizədlə iştirak edən Ana Vətən Partiyasının (AVP) 50 dairə üzrə 4080 nəfər müşahidəçi seçki prosesini izləmişdir. Aşkarlıq, açıq rəqabət və demokratik şəraitdə keçən seçkilərdə ilkin hesablamalara görə AVP sədrinin müavini Günay Ağamalı seçici səslərinin əksəriyyətini qazanmış və VII çağırış Milli Məclisin deputatı seçilmək şansını əldə etmişdir.
Azərbaycanda təşviq olunan siyasi dialoq mühitinin prinsiplərinə uyğun olaraq parlament partiyası kimi AVP ənənəsinə sadiq qalaraq növbəti beş ildə də ölkənin qanunvericilik bazasının təkmilləşdirilməsi prosesinə öz töhfəsini verəcək və müxtəlif sahələr üzrə peşəkar subyektlərlə əməkdaşlığını davam etdirəcəkdir.
Ana Vətən Partiyasından olan müşahidəçilərin verdiyi məlumatlara görə bəzi seçki məntəqələrində pozucu qüvvələrin təxribat törətmək cəhdləri iflasa uğramış və növbədənkənar parlament seçkiləri uğurla başa çatmışdır.
Müasir inkişaf mərhələsinin, siyasi həmrəyliyin və yeni siyasi konfiqurasiyanın təcəssümü olacaq VII çağırış Milli Məclisə keçirilən seçkilər ölkənin demokratik təcrübəsini daha da zənginləşdirdi və ölkədə yaşanan xalq-dövlət birliyini bir daha nümayiş etdirdi.