Əsl adı Aleksandr Minasoviç Movsisyan olan yazıçı 1858-ci ildə Şamaxıda doğulub, 1935-ci ildə Kislovodskda ölüb.
Bu yazıda söhbət Şirvanzadənin yazıçılığından və erməniliyindən getməyəcək. O, istedadlı nasir və əsl erməni olub.
Şirvanzadəyə dair olan bu yazının qayəsi 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində bizim nə dərəcədə zəif olmağımızı, “yada yalaq, yaxına badalaq” prinsipini əldə rəhbər tutmağımızı göstərməkdir.
Aleksandr Şirvanzadə ömrünün ilk on beş ilini Şamaxıda keçirib, 15 yaşı olanda Bakıya gəlib. Səkkiz il Bakıda yaşayan Şirvanzadə sonra 1905-1910-cu illərdə Fransada (Parisdə), 1910-1915-ci illərdə Tbilisidə, daha sonra isə ABŞ-də (Kaliforniyada) yaşayıb.
Qırmızı ordu 1920-ci ilin aprelində Bakını işğal edəndə Şirvanzadə Kaliforniyada olub, öz dediyinə görə, dərhal Qafqaza qayıtmaq istəyib. Amma guya gözləri xəstə olduğu üçün qayıtmayıb. Daha sonra, sular durulandan, şəxsi həyatına heç bir təhlükə olmadığına əmin olandan sonra onun bu arzusu reallaşıb. Şirvanzadə sovet Ermənistanına 1926-cı ildə qayıdıb və ömrünün sonuna qədər də orada yaşayıb.
Bəs onun Azərbaycanla, Azərbaycan ədəbiyyatı ilə bağlılığı nə olub?
Yuxarıda qeyd etdik. Şivanzadənin Azərbaycanla bağlılığı odur ki, o, Şamaxıda doğulub, Bakıda işləyib. O zamanlar Bakı neftinin iyinə cumub gələn və tezliklə şəhərin faktiki sahibinə çevrilən ermənilər gənc Şirvanzadəni himayə ediblər. Gələcək yazıçı ermənilərin sahibkar olduğu neft idarəsində mühasib işləyib, daha sonra neft idarəsinin nəzdində yaradılmış kitabxananın oxu zalının müdiri olub. 23 yaşından sonra isə Azərbaycanı, Bakını birdəfəlik tərk edib.
Şirvanzadənin Azərbaycan ədəbiyyatına yaxından, uzaqdan aidiyyatı yoxdur. O, Bakıda olanda bədii mətnlər yazmayıb, erməni dilində oçerklər, məqalələr yazıb. Onun sonradan yazdığı əsərlərdə Şamaxı və Bakının həyatı təsvir olunsa da, söhbət yüzdə doxsan doqquz halda ermənilərdən bəhs edir. Məsələn, Şivanzadənin məşhur “Xaos” romanında azərbaycanlı milli kimliyi yoxdur, personajların çoxu ermənidir, bir-iki rus, ləzgi, fars, gürcü, bir də Azərbaycan ad-soyadı daşıyan, milli kimliyi göstərilməyən şəxs var. Bu əsəri oxuyan hər kəsdə belə bir qəti qənaət yarana bilər ki, Bakı erməni şəhəri olub və burada əsasən ermənilər yaşayıb, digərləri isə epizodik rollarda olublar.
Üstəlik, Şirvanzadə erməni dilinin böyük müdafiəçisi olub. O, Xaçatur Abovyanın öz əsərlərində Azərbaycan sözlərindən istifadə etməsini tənqid edib.
Bəs necə olub ki, Azərbaycanda doğulsa da, erkən gəncliyində ölkəni tərk edən, Azərbaycan ədəbiyyatına töhfə verməyən, Ermənistanda yaşayan, ana dilimizi xor görən biri ölkəmizin ilk xalq yazıçısı olub?
Bunun iki səbəbi var: ölkəmizdə ermənilərin hakim mövqedə olması və bizim milli natamamlıq kompleksimiz, o zamankı liderlərimizin ermənilərə yaltaqlıq etməsi.
Həmin illərdə ermənilər ölkəmizdə yüksək vəzifələrdə olublar. 1926-29-cu illərdə Azərbaycanın rəhbəri Levon Mirzoyan, 1933-cü ildə isə Ruben Rubenov olub. Onlardan başqa, nazirliklərdə, NKVD sistemində yüzlərlə erməni kadrlar yerləşdirilib. Məhz onların himayədarlığı sayəsində Ermənistan vətəndaşı, bütün həyatını və enerjisini erməni dilinə və erməni ədəbiyyatına həsr edən Şirvanzadə Azərbaycanın ilk xalq yazıçısı fəxri adını alıb. Bizdən sonra Ermənistanda da ona “xalq yazıçısı” adı veriblər.
Onun haqqında yazılmış bir məqalədə deyilir: “Aleksandr Şirvanzadə öz həyatı və yaradıcılığı ilə nə qədər ermənidirsə, bir o qədər də azərbaycanlıdır. O, hər iki xalqa, hər iki ədəbiyyata xidmət edən ölməz sənətkardır”.
Əfsanə söhbətdir. Bu şəxsin Azərbaycan ədəbiyyatına heç bir dəxli yoxdur. Ernest Heminqueyin əsərlərində İspaniya həyatı təsvir olunursa, bu, onu ispan yazıçısı etmir.
Şirvanzadəyə bu fəxri ad verilərkən, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyov (vəzifəsində 14 mart 1930-cu ilədə) və , Dadaş Bünyadzadə (1930-cu ildən 1932-ci ilədək) çalışıb. Onların ikisindən biri Şirvanzadəni “milliləşdirib”.
Təsəvvür edin, Azərbaycan öz dahi ədibləri (Hüseyn Cavid, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A.Şaiq, Cəfər Cabbarlı, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli və başqaları) kənarda qalıb, fəxr ad başqa ölkədə yaşayan erməni yazıçıya verilib.
Özü də bu o zamanlar olub ki, vaxtilə (inqilab illərində) xaricdə yaşayan şəxslərin hamısı şübhə altında olublar, amma Şirvanzadəyə “1926-cı ilə qədər Kaliforniyada nə gəzirdin” deyən olmayıb. Bəlkə də sonrakı illərdə deyəcəkmişlər. Öz göz xəstəliyini bəhanə etməsi göstərir ki, o, bu sualı gözləyirmiş.
Uzun sözün kəsəsi, 1920-ci ildə Azərbaycanın istiqlalını məhv edən milli bolşeviklər ölkənin idarəçiliyini kirovlara, mirzoyanlara, rubenovlara, gikalolara, polonskilərə, dumbadzelərə, kaminskilərə, naneyşvililərə veriblər. Onlar da ana dilimizi xor görüblər və öz qohumlarını gətirib rəhbər vəzifələrə yerləşdiriblər.
P.S. Ana şəkildə: A.Şirvanzadə və Əbdürrəhim bəy Haqverdiyev.