Lakin bir çox tanınmış plastik cərrahın adının həmin siyahıda yer almaması suallar yaradıb. Mütəxəssislər hansı əsasla siyahıya salınıb və siyahıdan kənarda qalıblar? Siyahıda adı olmayan həkimlərin fəaliyyəti qadağandırsa, imtina cavabı verilməyən həkimlər adlarının siyahıya salınması üçün nə etməlidirlər? Bu suallar hələ açıq qalıb.
Adı siyahıda olmayan tanınmış plastik cərrah Dilqəm Məhərrəmov Oxu.Az-a açıqlamasında deyib ki, qərar həm onun, həm də plastik cərrahiyyə dərnəyinin digər üzvləri üçün gözlənilməz olub:
“Mən gözümü açandan plastik cərrahiyyə ilə məşğulam. Dünya Plastik Cərrahiyyə Cəmiyyətinin tanıdığı cərraham. Siyahıda adımın olmaması məni təəccübləndirdi. Daha sonra maraqlandıq, dedilər ki, bu, ilkin siyahıdır və araşdırmalar davam edir. Yəni siyahı yenilənəcək”.
Həkim deyib ki, siyahıda təzadlı məqamlar var:
“Siyahı açıqlandıqdan sonra Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik Cərrahiyyə Şöbəsində çalışan dostum zəng etmişdi. Deyir ki, onun öyrətdiyi dörd rezidentin adı siyahıdadır, amma onun – müəllimin – adı yoxdur. Halbuki beş ildən bir Həkimləri Təkmilləşdirmə İnstitutunda sertifikasiyadan keçirik. Bu necə başa düşülməlidir?”
Dilqəm Məhərrəmov hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik Mustafa Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində baş elmi işçi və plastik cərrah kimi fəaliyyət göstərdiyini, beynəlxalq konfranslar təşkil etdiyini bildirib:
“Avropadan, ABŞ-dən hər il ölkəyə mənim adıma görə yüzlərlə insan gəlir. Belə bir halda mənim işimə, sadəcə, siyahı ilə qiymət verilməsi nə dərəcədə doğrudur, bilmirəm”.
Həkim qeyd edib ki, sənədlərində uyğunsuzluq və ya fəaliyyətinə icazənin verilməməsi ilə bağlı ona hər hansı rəsmi bildiriş göndərilməyib:
“Biz heç gözləmirdik ki, bu məsələdə bizimlə bağlı problem yaransın”.
Qeyd edək ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlamışıq. Cavab aldıqda təqdim edəcəyik.