“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
Dəyişikliyə əsasən, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsi – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 75-ci maddəsi aşağıdakı redaksiyada verilməlidir:
“Sənaye, texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd”.
Bu Qanun işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədədir.