Xəbər verdiyimiz kimi, Naxçıvanda polis özünü şəhid atası kimi təqdim edərək silsilə dələduzluq əməlləri törədən 64 yaşlı Rizvan Qafarov saxlanılıb.
Saxlanılan şəxs şəhid Nicat Məmmədlinin adından istifadə edirmiş və özünü onun atası kimi təqdim edirmiş.
Şəhidin anası Minayə xanım saytımıza açıqlamasında bildirib ki, təqsirləndirilən şəxs bir neçə dəfə dələduzluq əməli törəfib.
“Bu şəxs bir dəfə 17 min manat, bir dəfə də ən azı 4-5 min manat yığıb. Bu dəfə nə qədər yığdığını bilmirəm. O yalandan bildirir ki, 2 oğlu şəhid olub. Biri Mincivanda, digəri isə Şuşada. Halbuki mənim oğlum 21 yaşında şəhid olub. O gömrükdən də sinəsinə oğlumun şəklini vurub şəhid atasıyam deyib keçirmiş”.
Qeyd edək ki, Nicat Məmmədli 1999-cu il iyulun 31-də Culfa şəhərində anadan olub. O, 2020-ci ilin oktyabrın 9-da Suqovuşan döyüşləri zamanı şəhid olub və Culfa şəhərində dəfn edilib.
Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.