Beynəlxalq Muğam Mərkəzində (BMM) tarzən Zərif Qayıbovun vəfatının 80-ci ildönümünə həsr olunmuş gecə keçirilib.
Tədbirdə əvvəlcə Zərif Qayıbovun adını daşıyan Gəncə şəhər 5 nömrəli Uşaq musiqi məktəbinin tarzən haqqında hazırladığı videoçarx nümayiş olunub.
Sonra BMM-in direktoru, Əməkdar artist Sahib Paşazadə çıxış edərək tar ifaçılığı sənətimiz haqqında fikirlərini bölüşdü: “2010-cu ildə mənə bir tar hədiyyə edildi. Bu alət mənim üçün xüsusilə dəyərlidir. Çünki bir müddət sonra məlum oldu ki, bu tar nakam sənətkarımız Zərif Qayıbova məxsus imiş”.
Xalq artistləri, tarzənlər Ramiz Quliyev, Vamiq Məmmədəliyev tar ifaçılıq sənətimizdə iz qoyanlar sırasında Zərif Qayıbovun adının ehtiramla yad edildiyini bildiriblər. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Səsyazmalar evinin direktor müavini, tarzən Şahin Verdiyev Zərif Qayıbov haqqında apardığı araşdırmadan söz açıb.
Çıxışlardan sonra gənc tarzənlərin və BMM-nin solistlərinin ifasında konsert proqramı təqdim olundu.