Ana səhifə Uncategorized Hacı Şahinin əsgərlikdə başına gələn möcüzə – Həmid Herisçi

Hacı Şahinin əsgərlikdə başına gələn möcüzə – Həmid Herisçi

admin2

Bu gün ilahiyyatçı Hacı Şahinin vəfatından 1 il ötür.

Kulis.az bu münasibətlə Həmid Herisçinin ona ithaf etdiyi yazısını təqdim edir.

Mehriban, gülərüz Hacı Şahinlə biz yanvar ayının lap soyuq vaxtları, ofisi önündə, qışın oğlan çağında görüşdük.

Şaxta ikimizi də qılınc kimi kəsirdi, yadımdadı.

Hacı soyuqdan üşüsə də, salamlaşdığımız an ovcunun istiliyini hiss edib qeyri ixtiyari düşündüm: “Görəsən, söhbətimizin canında da bu istiliyi qorumağı bacaracaqmı?”

Tərslikdən, ofisi də çox soyuqdu. Həmsöhbətimi diqqətlə nəzərdən keçirirəm. Saqqallı deyil, belə deyək, üzü tüklüdür.

Dindar cameənin hərəkətlərində, sifətlərində, söhbətlərində rast gəldiyimiz yeknəsəqlik Hacıya yaddır. Təhsilini mədrəsələrdə deyil, ev şaraitində alması ilə bağlıdır, məncə, bu özəlliyi…

SEYİD MƏLƏK

– Nənəm Seyid Mələk kimi tanınırdı. Aşura günləri qolumdan yapışıb məni məscidə aparmağı yaddaşıma əbədi həkk olunub. Barmaqlarının istisini, izini hələ də… hələ də əllərimdə hiss etməkdəyəm. Göyçayın Alpaud kəndində dini mərasimlər sovet vaxtlarında belə xüsusi təntənə, izdihamla müşaiət olunardı. Bu izdihamlı kütlənin ən kiçik zərrəsi o vaxt, görünür, bir məndim, bir də mehriban, inanclı, ağzıdualı nənəm. Alpaud məscidində baş yarıb qanına qəltan olan ağ kəfənli mərasim iştirakçılarını ilk dəfə görərkən, yadımdadı, nənəmin əl dırnaqları bədənimə azca sancılıb orda öz əbədi izini qoydu. İndi də ən çətin vaxtlarımda elə bilərəm ki, nənəm yanımdadır, əlimi sıxır, dırnaqları ətimə sancılır. Bax bu lap möcüzədir. Hərdən bu dırnaqların izi əllərimdə lap aydın peyda olur elə bil. Anidən baş verir bu… Qəfildən. Nə bilim, bəlkə çox aldadıcı bir hissdir bu…

Şahinin bu uşaqlıq xatirələrinə kinorejissor gözüylə baxmağa çalışıram.

Təsəvvür edin, sovet dövrü… kənd məscidi… Aşura mərasimi. Yumru papaqlı milislər mərasim iştirakçılarını üzük kimi mühasirəyə alıblar. Hər dəfə qılınc-qəmələr saf, ağappaq alınları tən ortadan yaranda Seyid Mələyin dırnaqları balaca Şahinin totuş əlinə sancılır. Sinxron baş verir hər dəfə bu. Dəfələrlə təkrarlanır.

Qəmələr alınlara sancılır, nənələrin iti dırnaqları nəvələrinin əllərinə…

Uşaqlar diksinib uşaqlıqdan ayılırlar.

Böyüklərin ağrısını az da olsa, ilk dəfə öz bədənlərində hiss edirlər…

Mükəmməl kinokadrlardır.

Qəşəng bir adsız filmin ilk kadrları kimi görürəm indi mən bu təsirli səhnəni.

“Gəlin bunu Seyid Mələk xanımın kəraməti bilək. Ruhu tənha buraxmır daaa sizi. Əlamətlərini, rəmzlərini göndərir sizə” – deyib Hacının cavabını gözləyirəm. Deyəsən, istədiyimə çatmışam.

Hacı Şahin həyatda üzləşdiyi ilk “müəmma” barədə öz canlı, təsirli söhbətini danışır, şükür, indi bizə.

O, tez-tez sükuta qapanıb, öz daxili aləminə çəkilənlərdəndi.

Söhbətimizin bax bu incə məqamında, nöqtəsində, həə… həmin “özünə qapanma”yla ilk dəfə tanış olmaq imkanı qazanıram.

O, özü də bilmədən bir neçə dəfə oxşar “sükut fasilələri” yaşayıb mənə onu kənardan müşahidə etmək şəraiti yaradacaq.

Buyurun, baxın, bu da Hacı Şahin portretinin ilk ştrixləri – gözlərinin zilləndiyi səmtdən elə biləsən ki, qeyb aləmi başlayır.

Az danışandı deyə, dodaqları heç nəylə özünü büruzə vermir. Mükəmməl nitqi, tələffüz qaydaları çox təsirlidir. Dinləyicilərini biganə saxlamır. Uzun əlləri söhbət zamanı bəzən hərəkətə keçib dinləyicilərinə xüsusi işarələr ötürür elə bil. Göz qapaqlarını tez-tez açıb qapamağı daxili narahatlığının göstəricisidir. Zaman keçdikcə, təcrübəsi artdıqca bu xasiyyətini itirəcək o. Gözlərini az açıb-qapayacaq. Bunun üçün onun həyatında bir müəmmalı hadisənin baş verməyi gözlənilir.

Qaçılmazdı bu.

Deyərdim ki, labüddü.

Hadisə həyatının əsgərlik günlərində, düşmənlə təmas xəttində, səngərdəykən baş verib.

SİLAHLI KÖLGƏ

– Əsgərliyimi Tərtərdə, ön cəbhə xəttində keçirdiyim adi günlərdən biriydi. Yorulmuşdum azca. Hava çox bürküydü, nədi, bilmirəm, ancaq qəfildən əlimdə sıxdığım silahıma söykəndim. Göz qapaqlarım başladı titrəməyə. Bir dəfə dəf etdim bunu, iki dəfə… Düşmən tərəf bizə lap yaxın idi, aramızdakı qısa məsafə iki yüz addım ola-olmaya… Alaqaranlıq gözlərimi qamaşdırırdı. Qarşımda bir əşya, bir mənzərə, ot, ağac da yox idi ki, onlara baxıb gerçəklik hissini itirməyim. Qürub vaxtıydı. Günəşin son şüaları, silahlı kölgəmi düşmən səngərlərinə qədər uzatdı qəfil. Bu kölgəm təkcə mənim öz hərəkətlərimi təkrarlamırdı elə bil. Özbaşına da bəzən hərəkətlər edirdi…

– Nə oldu sonra? – Şahini tələsdirməyə çalışıram.

O da bunu hiss edərək nitqinin surətini artırır.

– Bu vaxt mənim üzümə, elə bil, lal, sözsüz bir qəti hökm oxundu. Qeybdən gəldi həmin hökm. Telepatik mesaj idi, sanki. Eşitdim ki, gələn il bu vaxt Məkkədə, müqəddəs hərəmin ərazisində olacam.

– Sonra? – mövzu, məni tutub. Sualımı qısa edirəm ki, Hacıya mane olmayam.
– Sonra heç nə… qəfil bərk xəstələndim. Xəstəliyimə görə ordudan tərxis olundum. O telepatik mesajı, silahlı kölgəmi artıq unutmuşdum tamam. Məişət qayğılarından başımı lap itirmişdim. Bir də eşitdim ki, kimsə məni Həcc səfərinə göndərir. 1997-ci il idi. O vaxtlar Həcc səfərlərinə gedənlərin siyahısı çox məhduddu. Nəysə… Əvvəlcə Kərbəlanı ziyarət etdim. Gəldik Məkkəyə. Müqəddəs Hərəmin ərazisinə elə təzəcə qədəmlərimi qorxa-qorxa basırdım ki, qəfil səksənib diksindim. O mesajı ikinci dəfə öz daxilimdən eşidib şaşırdım. Ətrafımda o silahlı kölgəmi axtardım bir an. Gözlərim yaşardı, yadımdadı. Xeyli ağladım.

– İslamda Allahdan bəndəyə “bəyinat, nida, vəhy, ilham” kimi halların gəlməsi şərtdi. Sizcə, bu nəydi? – astaca öz sualımı pıçıldayıram.

Hacı, tələffüzümü göydə tutur. Eyni ahənglə, cavab qaytarır mənə:

– Bu… bu… bu, bilirəm, nəydi. Bu nidaydı…

– Nədir özəlliyi nidanın? – təmkinimi pozmadan mövzunun ardını, davamını tələsdirirəm.

– Nida qəfil gəlir. Qəti hökm kimi. Eşidib unudursan. Eşitdin, unudursan. Hökm həyata keçdimi, qəfil o nida yenidən, sonuncu dəfə daxilində səslənir.

– O vaxt, suallarınızı qeyb aləminə yad səslə ünvanlayıb aldığınız cavabları öz səsinizin ifasında dinləyirdiz, eləmi?

– Təxminən. Bunu hardan bildiz? – Hacı cürətlənib səsinin qalınlığını artırır.

– Təcrübəm var. Oxşar lal nidaları mən də eşitmişəm.

– Belə de…

Hacının susqun, ifadəsiz tüklü sifəti sanki bu an dirilib nurlanır.

– Görünür, təsadüfən görüşməmişik bu gün biz.

– Cürət edib ətrafımıza yaxşı baxsaq, o silahlı kölgənin zəif əksini də bəlkə divarlarda görərik – söhbətimizin sirli ovqatını sanki artırmaq istəyirəm.

Hacı Şahin, “O, heç vaxt bizdən uzaqda gəzmir ki” – deyib, azca gülümsəyir. Amma təmkinini itirmir. Elə ciddiliyini də.

P. S. Özü yoxxxxx… kölgəsi əlisilahlıydı.

Təbriz fədailərində, bu, əsas şərtdi.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00