ESKİŞEHİR XATİRƏLƏRİ (I)
İndi mən, göydə çətiri açılmayan paraşütçüyəm.
Göydən göy gözlərinə düşürəm indi mən
Gözlərinə tapşır məni, boğmasınlar
Üzmək bacarmıram.
Sənin gözlərin dəniz,
Mənim dərdlərim dəniz.
Sənin gözlərin pinar,
Mənim ürəyim yanar.
İndi mən sənin dəniz gözlərində bir kapitanam
Nəhənglər mühasirə ediblər ətrafımı.
Dəlinir, deşilir dərdlərimin içində olan gözlərin kimi,
Su ilə dolur gəmim
Mənə bir əl at bu gəmini limana çatdıraq
Ey tanrının dəllalı, ey mənim Nuh əmim!..
Mən səninlə iki bardaq Leyla şərabı içmək istəyirdim Cuba Barda[1]
Barlar sokağına bomba qoyub partlatdı DEAŞ-lar .
Porsuk çayında[2] foto çəkdirmək istəyirdim səninlə
Sel gəlib apardı Səməd adlı duyğularımı.
- Ehey, Musa bəy!..
Çəliyini əmanət verərsənmi?
Selin ortasında foto çəkdirmək istəyirəm.
- Çəliyim Sina dağında tanrının güdazına getdi Əli bəy, bağışla!..
Sazovada[3] ulduzların uçuşunu seyr etmək istəyirdim səninlə
Göylərə divar çəkdilər siyasət adamları
Ulduzların saçı görünür, naməhrəmdirlər deyə.
İndi Eskişehirin tramvayları içimdən keçir
İçindən keçirəm tramvayların indi mən.
Mənim içimdən keçirsən tramvayda sən
Sənə aldığım kitabı oxuyarkən.
Mən boğulmadım dəniz gözlüm,
Məni terror edə bilmədilər, kommunist baxışlım,
Divarları üstümə örtə bilmədilər əfəndim,
Mən yenə də ölmədim,
Yenə də varam,
Sənin dəniz gözlərinə şeir yazıram Təbrizdən.
Sənin gözlərin dəniz,
Mənim dərdlərim dəniz.
Sənin gözlərin pinar,
Mənim ürəyim yanar…
ESKİŞEHİR XATİRƏLƏRİ (II)
Sənin köynəyindən qırılıb-qopan düymə kimi
Qırılıb-qopuram bu şəhərdən indi mən.
Səndən sağollaşmamış ayrılsam, bağışlarsan.
Trengarın divarlarındakı saatların əqrəbələri
Görəsən nədən darıxır mənim barmaqlarım kimi?!..
Özümü bu qatarla Təbrizə götürsəm də
Ürəyim səndə qalıb…
ESKİŞEHİR XATİRƏLƏRİ (III)
Başımın üstündə qırmızı bir quş uçur aylardır,
Yuvasız bir quş.
O quşun yerinə olsaydım bəlkə də
Durmadan uçub yanına gələrdim.
Ey quş,
Heç bir zəncir bağlaya bilməz səni,
Saxlaya bilməz səni heç bir qəfəs
Özgürlüyün dadını anlayan quş…
Sənin özgürlüyün ümiddir mənim üçün
Sənin qanadların dözümdür mənim üçün
Sənin uçuşun özgürlükdür mənim üçün,
Varlığından danışarsam
Bütün azadlıq heykəlləri muma çevrilər xiyabanlarda.
Başımın üstündə qırmızı bir quş uçur aylardır
Bu quş da mənim kimi yuvasızdırmı görəsən?
O quşun yerinə olsaydım bəlkə də,
Bəlkə də uçub yanına gələrdim durmadan.
Ey quş!
Heç bir zəncirə bağlanma
Sənə qəfəs yaraşmır.
Özgürlüyü sənin qanadlarından öyrənirəm
Uçuşun mənə azadlıq dərsi verir.
Sənin qanadlarının altında qalırlar sərhədlər.
Rəngin qırmızı möhür basır bütün passportlara
Varlığından söz açıram…
Bütün azadlıq heykəlləri muma çevrilir xiyabanlarda.
Mən sevdanın zəncirinə bağlandım
Qəfəsləri yaraşdırdılar mənə,
Özgürlüyü sənin qanadlarından öyrənsəm də belə.
[1] Eskişehirin Barlar Küçəsində yerləşən bir barın adıdır.
[2] Porsuk çayı: Eskişehirin ortasında axan çay adıdır.
[3] Eskişehirde Disneyland muzeyidir.