Ana səhifə XəbərlərDünya Güneyli soydaşlarımız İran seçkilərində kimə səs verəcəklər?

Güneyli soydaşlarımız İran seçkilərində kimə səs verəcəklər?

admin2
İyunun 28-də İranda növbədənkənar prezident seçkiləri keçiriləcək. Sabiq prezident İbrahim Rəisi və digər İran rəsmilərinin helikopter qəzasında həlak olmasından sonra ölkədə seçki elan edilib. İranın Konstitusiya Keşikçiləri Şurası (12 üzvü var) iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib.

Namizədlər prokuror və keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, parlamentin deputatı, keçmiş səhiyyə naziri Məsud Pezeşkian, Tehran meri Əlirza Zakani, İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, parlamentin hazırkı sədri Məhəmməd Baqir Qalibaf, parlament sədrinin keçmiş müavini Seyid Əmir Hüseyin Qazizadə Haşimi var.

Bəs Cənubi Azərbaycanda yaşayan soydaşlarımız yuxarıda adıçəkilən namizədlərdən kimə səs verəcək?

Güney Azərbaycandan olan siyasi şərhçi Məhsa Mehdili bildirib ki, İranda prezident sadəcə dini liderin siyasətlərini həyata keçirən şəxsdir:

“Əvvəla “İranda Prezidentin səlahiyyətləri nə qədər təsirlidir?” sualına cavab vermək lazımdır. İranın istər daxili, istərsə də xarici siyasətində prezidentlik formal xarakter daşıyır. Əsas şəxs dini ali liderdir. Prezident sadəcə dini liderin siyasətlərini həyata keçirən şəxsdir. Prezident seçkiləri bəzən ümid tacirliyi üçün istifadə edilir. Əvvəlcə hakimiyyətə mühafizəkarlar gəlir. Vəziyyətin mənfiyə doğru getdiyi görünəndə bu səfər növbəti seçkilərdə özlərinin təyin etdiyi “reformçu”nu gətirirlər. Bununla da insanlara bir az nəfəs aldırır, onları bir az sandıq başına gətirilər. Burada mqəsəd isə beynəlxalq aləmdə leqallıq qazanmaqdır. Lakin həqiqət ondan ibarətdir ki, mühafizəkar da, reformçu da olsa, heç kim İran siyasətinə təsir göstərə bilməz”.

Məhsa Mehdili Azərbaycan əsilli Məsud Pezeşkianın namizədliyindən də bəhs edib:

“İndi də namizədlər arasında həm mühafizəkarlar, həm də islahatçılar var. İslahatçılar arasında Məsud Pezeşkianın adını gördüm. O, həkimdir və Azərbaycan əsillidir. Ola bilsin ki, bundan azərbaycanlıları da sandıq başına gətirmək üçün istifadə edirlər. Unutmayaq ki, son seçkilərdə çox az seçici aktivliyi vardı. İranda artıq heç kəs sandığa ümid etmir. Mən əvvəldə deyirdim ki, bunlar daxildə və beynəlxalq arenada vəziyyətlərini yaxşılaşdırmaq, yumşaq üz göstərmək üçün islahatçı gətirə bilərlər. Amma dediyim kimi, prezidentin kim olub-olmamasından asılı olmayaraq, biz ana siyasətdə bir fərq görmədik və görməyəcəyik. Bunlar bir az yumşaq üz göstərməyə çalışacaqlar. Amma bu üsul heç bir nəticə verməyib. İran nə nüvə proqramından, nə də terror qruplarını dəstəkləməkdən əl çəkib. Daxili siyasətdə də dəyişiklik olmayıb. Basqı və zor işləmək siyasəti hələ də davam edir”.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (CAMAC) İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, İranda demokratik seçkidən söhbət gedə bilməz:

“İran adlanan ölkədə son 45 il ərzində demokratik seçki keçirilməyib. Bütün seçki oyunları sadəcə olaraq hakimiyyətin xeyrinə nəticələnib. Namizədlərin vədləri heç vaxt reallaşmayıb. Hakimiyyət özü nəticəni əvvəldən müəyyənləşdirir. Artıq İran adlanan ölkədə yaşayan millətindən asılı olmayaraq, hər kəs fars-molla rejiminə inamını tamamilə itirib. Keçən parlament seçkilərində 11-15 faiz seçici aktivliyi vardı. Bu da onu göstərir ki, hakimiyyət seçki adı altında öz mövcudiyyətini qorumağa çalışır. Hakimiyyət əlində saxladığı gücü kütləylə bölüşmək niyyətində deyil. Kütlənin arzusuna uyğun nəyinsə olmasının önünü açmaq istəmirlər, əksinə həmin qüvvəni neytrallaşdırırlar. Çünki fars molla rejimi mafiyalaşdırılmış bir sistemdir. Əli Xamneyiyə tabe olan dini rəhbərlik strukturu bütün məsələlərə qərar verir. İkinci dərəcədə SEPAH var, fəaliyyətini dini rəhbərliyin hakimiyyətinin qorunmasına istiqamətləndirib. Bütün iqtisadiyyat, silah gücü onların əlindədir. İranda 31 əyalət var. Hər bir əyalətdə dini rəhbərə tabe nümayəndə var. Bu imam cümə adlanan şəxslər bütün işlərə müdaxilə edir. SEPAH tərəfindən icra başçısı kimi qoyulmuş şəxslə imam cümə adlanan iki nəfər bütün əyalətlərdə qərarların verilməsində söz sahibi olurlar. Bu da mərkəzlə koordinasiya olunur. Məsələyə bu yöndən baxanda,əslində, antidemokratik sistemdə seçkidən bəhs etmək mənasızdır. Çünki bunların maraqlarında deyil ki, demokratik mühitin formalaşması, insanların söz, sərbəst toplaşmaq hüququ olsun. Partiyaların qurulması və öz siyasətlərini yürütməsi rejimin umrunda deyil. Seçkilər İranda dəfələrlə etirazlarla qarşılanıb. Çünki insanların istədiyi yox, yenə də hakimiyyətin namizədi seçilib. Təcrübələr onu deməyə əsas verir ki, İranda insanların seçkiyə ümidləri yoxdur”.

S.İsabəyli rejimin insanlar üzərində oyunlar oynadığını deyib:

“Bunlar yenə də namizədlərin adını çəkməklə insanlar üzərində oyun oynayırlar. Məsələn Səid Cəlili kimi adamlar çox qatı mühafizəkar dini rəhbərə tabe, xalqın heç bir maraqlarını nəzərə almayan adamların adları hallanır. Bu insanlar qəddarlığa, cinayətlərə əl ata biləcək qədər təhlükəlidirlər. Belə bir adamın adının namizədlər siyahıya yerləşdirilməsi və bir az ondan xaraktercə yumşağının adını oraya qoyulub, sonra bunların arasında oyun keçirmək və nəhayət yenə də öz istəklərini qutudan çıxarmaq məsələsi tamamilə təcrübədə istifadə olunub. İbrahim Rəisinin hakimiyyətə gəlməsi bu şəkildə oldu. Nəzərə almalıyıq ki, bu rejimin mahiyyətində demokratik seçki anlayışı yoxdur. Rejim insanların hüquq və azadlıqlarını qorumaq istiqamətində öhdəlik götürmür. Əksinə inanların fərdi və hüquqi haqları tapdanır. İfadə azadlığı, sərbəst toplaşama hüququ yoxdur. İndiki dönəmdə çalışırlar ki, müxtəlif etnik qruplara, digər millətlərə məxsus olan şəxslərin adlarını ortaya qoysunlar. O cümlədən Məsud Pezeşkianın namizədliyini təsdiqləyiblər. Parlament seçkilərində onun namizədliyi təsdiq olunmayıb. Burada da müəyyən proseslərin aparılmasından söhbət gedir. Məqsəd Güney  Azərbaycanda yaçayan azərbaycanlıları, türkləri seçkilərə qatmaq siyasəti güdülür. Lakin 45-46 ildə İran  adlanan ölkədə azərbaycanlıların ana dilində təhsil almaq  hüququ tanınmayıb. Onların  milli, tarixi kimliyi hər zaman təhrif və təhqir olunub. İnsanların öz kimliyinin ifadə olunması ilə bağlı problem yaradıblar. Bir azərbaycanlı ailə öz övladına türk adı qoymaq istədikdə, illərlə onları müxtəlif idarələrdə süründürür, həmin adı qeydə almırlar. Nə qədər problemlər yaradırılar.Ən minimum haqlarımızı inkar edən, heç bir hüququmuzu tanımayan bir rejimə necə inanmaq olar? Azərbaycanlıya, türk mənsubiyyətinə malikdir deyə onun adını  namizədlərin arasında gətirməklə səs almaq istəyirlər? İllərdir ki, milli hərəkat gedir. Bu hərəkatla bağlı ciddi istəklər vardı. Bununla bağlı bizim bir sıra fəallarımız indi də həbsdədirlər. Müxtəlif iddialarla hələ də onların hüquqlarını tapdayırlar”.

Azərbaycanlıların seçkilərdə iştirakı ilə bağlı Sadiq İsabəyli bunları deyib:

“Geniş milli hərəkatı olan Güney Azərbaycanlılar da məsələnin mahiyyətinə, veriləcək vədlərə baxacaqlar. O vədlərin nə qədər reallaşdırılaması məsələsinə baxacaqlar. Burada sözsüz ki, əsas qərarverici kəsim Güney Azərbaycanda fəaliyyət göstərən bizim milli fəallarımız olacaq. Onlar yaxın vaxtda bütün gedişatı təhlil edib, proseslərin Güney Azərbaycan Milli Hərəkatının mənafeyinə xeyir gətirəcəyi məsələsini götür-qoy etdikdən sonra öz qərarlarını verəcəklər. Bizim bəzi fəallarımızdan məlumat var ki, seçkiləri boykot ediblər. Bunun hansı formada həll olunması məsələsi fəalların qərarı ilə olmalıdır. Güney Azərbaycanda yaşayan soydaşlarımız, milli fəallarımız məsələləri götür-qoy edəcəklər. Güney Azərbaycan Milli Hərəkatının mahiyyəti Azərbaycan mərkəzli bir mahiyyətdə formalaşan hərəkatdır. Yəni bu hərəkatı kimsə Tehran mərkəzli istəklərə qurban verə bilməz. Hesab edirəm ki, Güney Azərbaycandakı dəyərli milli fəallarımız məsələlərin hamısını hesaba qatacaqlar”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00