Ana səhifə Xəbərlərİdman Azərbaycan millisi üçün AVRO-2024 ümidi: Yunanıstan Niderlandı darmadağın etməlidir – ARAŞDIRMA

Azərbaycan millisi üçün AVRO-2024 ümidi: Yunanıstan Niderlandı darmadağın etməlidir – ARAŞDIRMA

admin2

Azərbaycan millisinin AVRO-2024-ə vəsiqə qazanmaq üçün ümidləri tükənməyib.

Bu, Millətlər Liqasının pley-off matçları sayəsində mümkün ola bilər.

Reqlamentə görə, sözügedən turnirin A, B və C divizionlarının hərəsindən seçmə mərhələyə vəsiqə qazana bilməyən bir komanda dörd yığmanın iştirak edəcəyi pley-offda qalib olaraq Avropa çempionatında iştirak etmək şansı qazanacaq. Azərbaycan yığması C Liqasının III qrupunda 10 xal toplayıb və Qazaxıstandan geri qalaraq ikinci pilləni tutduğu üçün birbaşa pley-off mərhələsinə adlamağı bacarmayıb. Lakin komanda yüksək xal yığdığından Liqanın ümumi sıralamasında altıncıdır və bu, əlavə imkan yaradır.

C Liqasının qrup qaliblərindən artıq Türkiyə AVRO-2024-ə vəsiqəni təmin edib. Bu, “ay-ulduzlular”ın Millətlər Liqasının pley-offunda yarışmayacağı anlamına gəlir. Bir komandanın siyahıdan çıxması ilə Azərbaycan millisi beşinci pilləyə yüksəlib. Hazırda yuxarı sıralarda qərarlaşan daha bir komandanın seçmə mərhələdən vəsiqə qazanması yığmamızın pley-offda iştirakı üçün şərait yaradacaq. Burada yer alan kollektivlər Gürcüstan, Yunanıstan, Qazaxıstan və Lüksemburqdur. Hazırkı duruma görə pley-offda məhz bu yığmalar iştirak etməlidir. Lakin vəziyyətin dəyişməsi kifayət qədər realdır.

Bu axşam B qrupunda Yunanıstan Fransadan sonra Avropa çempionatına vəsiqəni təmin edə bilər. Öz meydanında Niderlandı qəbul edəcək ellinlər bunun üçün dörd top fərqi ilə qalib gəlməlidirlər. Utopik görünür, lakin yunanların istənilən qələbəsi də Azərbaycan millisinin şansının yüksək qalması ilə nəticələnəcək.

B qrupunda Yunanıstanın 12, Niderlandın 9 xalı var. Birincilər altı, ikincilər beş oyun keçiriblər. Yunanıstan son matçında Fransa ilə üz-üzə gələcək. Niderlandın isə bundan sonra hələ İrlandiya və Cəbəllütariqlə matçları var. Azərbaycan yığması üçün ən yaxşı ssenari Yunanıstanın bu gün Niderlandı darmadağın etməsi olar. Ev sahiblərinin istənilən qələbəsi də bizə sərf edə bilər. Ən azından ümidlər yüksək olaraq qalacaq. Heç-heçə halında isə vəziyyət qəlizləşəcək. Çünki Niderlandın son iki görüşdə xal itirmək ehtimalı çox azdır.

Millətlər Liqasında Azərbaycan yığmasından üst pillədə qərarlaşan digər komandaların birbaşa seçmə mərhələdən vəsiqə qazanmaq ehtimalına gəlincə, Gürcüstan artıq şansını itirib. A qrupunda iki oyunu qalmış komanda artıq vəsiqəni təmin etmiş İspaniya və Şotlandiyadan səkkiz xal geri qalır.

Qazaxıstanın şansları qalır. Ancaq son oyunda Danimarkaya yenilgi bunları azaldıb. Komanda 12 xalla H qrupunda dördüncüdür. Sloveniya və Danimarkadan dörd xal geri qalan Qazaxıstan sabah səfərdə Finlandiyanı məğlub edə bilsə, yenidən imkanlarını artıracaq. Çünki qazaxlar növbəti matçını zəif San-Marinoya qarşı keçirəcəklər. Son turda isə onlar Sloveniyaya qarşı həlledici oyuna çıxacaqlar. Slovenlər isə buna qədər Şimali İrlandiya və Danimarkaya qarşı ağır oyunlara çıxacaqlar və ən azı birində məğlub olmaq ehtimalları yüksəkdir.

Lüksemburqun da şansları az deyil. “Cırtdan ölkə”nın yığması J qrupunda 11 xalla üçüncüdür. Orada Portuqaliya artıq final mərhələsinə vəsiqəni təmin edib. Sona üç tur qalmış Lüksemburqun əsas rəqibi 13 xalla ikinci olan Slovakiyadır. Tərəflər bu gün Lüksemburqda əhəmiyyətli oyuna çıxacaqlar. Qarşıda isə Slovakiyanı İslandiyaya qarşı ev, Bosniya və Herseqovina ilə səfər oyunu gözləyir. Lüksemburq isə Slovakiyadan sonra Bosniya və Herseqovinanı öz meydanında sınağa çəkəcək, son turda isə Lixtenşteynə yollanacaq. Göründüyü kimi, komanda bu gün slovakları məğlub etməyi bacarsa, qarşıda daha rahat görüşlər keçirəcək və şansı kifayət qədər yüksəkdir.

Yeri gəlmişkən, Azərbaycan millisi özü də hələ seçmə mərhələdən vəsiqə şansını itirməyib. Komanda F qrupunda dörd xalla dördüncüdür. Qarşıda üç oyunu qalan millimiz ikinci pillədəki Avstriyadan doqquz xal geri qalır. Riyazi cəhətdən bunu aradan qaldırmaq mümkündür. Lakin bunun üçün fantastik nəticələr qeydə alınmalıdır. Öncə Avstriyanı böyük hesabla yenmək, daha sonra Belçika və İsveçlə görüşlərdə qalib gəlmək lazımdır.

Beləliklə, yığmamızın seçmə mərhələdən vəsiqə qazanmaq şansı minimumdur. Lakin digər yığmaların nəticələri hesabına Millətlər Liqasında pley-offa qalmaq və orada uğur qazanmaq daha çox mümkün görünür. Yunanıstan, Qazaxıstan və ya Lüksemburq millimizin Avropa çempionatına yolunu aça bilər.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00