Ana səhifə Xəbərlərİdman İdmançımız Avropa çempionatında erməni rəqibinə qalib gələrək qızıl medal qazanıb – FOTO

İdmançımız Avropa çempionatında erməni rəqibinə qalib gələrək qızıl medal qazanıb – FOTO

admin2

28-30 oktyabr tarixlərində Litva Respublikasının Kaunas şəhərində Kudo idman növü üzrə Avropa çempionatı keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Koşiki Karate-do Federasiyasının Kudo üzrə yığma komandası da sözügedən çempionatda iştirak etmək məqsədilə federasiya rəsmisi Vəliyulla Bünyatovun rəhbərliyi ilə 5 idmançı ilə (Vüsal Əliyev, Kənan İsmayılzadə, Sevinc Mövsümzadə, Rəşad Quliyev, Elbrus Səmədov) bu turnirə qatılıb.

Qeyd edək ki, Azərbaycan İdman İstedadları Akademiyasının (ASTA) maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və “Azərbaycan Karate Federasiyası” İctimai Birliyinin təşkilati dəstəkləri ilə yarışlara qatılaraq mötəbər qitə çempionatında yenidən yüksək nəticələr göstərən idmançılarımız cari ilin may ayında Yaponiyanın Tokio şəhərində keçirilmiş dünya çempionatında əldə olunmuş uğurların təsadüfi olmadığını, son zamanlar federasiyanın dinamik inkişaf yolu ilə irəlilədiyini bir daha sübut ediblər.

Çempionatda 13 iştirakçı dövlət yer alıb. Bolqarıstan, Litva, Gürcüstan, Fransa, İtaliya, Ermənistan, Ukrayna, Malta, İngiltərə, Qırğızıstan, Estoniya və İspaniya kimi dövlətlərdən olan idmançıların da qatıldıqları Avropa çempionatının nəticələrinə əsasən idmançılarımız 3 qızıl və 1 gümüş medal qazanaraq bu dəfə də çox böyük uğura imza atıblar.

Belə ki, idmançılarımızdan -270 kateqoriyasında çıxış edən Vüsal Əliyev yarımfinalda Estoniya, final döyüşündə isə Litvadan olan idmançılara, -215 (U-19) kateqoriyasında çıxış edən Sevinc Mövsümzadə final döyüşündə Malta idmançısına, -250 kateqoriyasında çıxış edən Elbrus Səmədov isə yarımfinalda Fransa idmançısına, final döyüşündə isə Ermənistandan olan idmançıya inamla qalib gələrək 1-ci yeri qazanıblar və qızıl medala layiq görülüblər. -230 (U-19) kateqoriyasında çıxış edən digər idmançımız Kənan İsmayılzadə isə yarımfinal döyüşündə İngiltərədən olan idmançıdan üstün olmuş, yalnız finalda Gürcüstan idmançısına məğlub olaraq gümüş medalla kifayətlənib.

İdmançılarımız tərəfindən qitə birinciliyində qazanılmış möhtəşəm qələbələrin bütün türk dünyasında olduğu kimi, ölkəmizdə də Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd edildiyi bayram günləri ərəfəsinə təsadüf etməsi bizim üçün ikiqat sevindirici haldır və xalqlarımız arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə verilən bir töhfədir.

“İdmançılarımızın davamlı olaraq beynəlxalq arenalarda belə uğurlu nəticələr əldə etmələrinə görə daim idmana və idmançılara böyük qayğı ilə yanaşan ölkə başçısı, Azərbaycan Respublikasının  Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, bundan sonra da idmançılarımız qalib ölkəmizin idman şərəfini hər zaman layiqincə qoruyaraq yüksək nailiyyətlər əldə etmək üçün böyük əzmlə çalışacaqlar. Bu arada əlbəttə idmançılarımızın yarışlara lazımi səviyyədə hazırlığında Azərbaycan Koşıki Karate-do Federasiyasının Fəxri prezidenti Adnan Əhmədzadənin, federasiyanın prezidenti Rafael Bunyatovun, vitse-prezident Vəliyulla Bünyatovun və yığmanın baş məşqçisi Nazim Mövsümzadənin əvəzsiz xidmətlərini də qeyd etmək yerinə düşər.

Bundan əlavə federasiya rəhbərliyi adından bu cür mötəbər yarışlarda iştirak üçün bizə daim köməklik göstərən, diqqət və qayğılarını bizdən əsirgəməyən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbova və “Azərbaycan Karate Federasiyası” İctimai Birliyinin prezidenti Ülvi Quliyevə öz təşəkkürümüzü və ehtiramımızı bildiririk.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin digər sahələrlə yanaşı idman sahəsinə də misilsiz diqqət və qayğısı onu göstərir ki, ölkəmizdə bütün idman növləri bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız mötəbər beynəlxalq yarışlarda davamlı olaraq böyük müvəffəqiyyətlər qazanacaqlar”, – deyə Koşiki Karate-do Federasiyası qeyd edib.

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00