Ana səhifə XəbərlərMədəniyyət Ömrü boyu heç özünə də əyilməyən məğrur söz aşiqi – Əli Tudə

Ömrü boyu heç özünə də əyilməyən məğrur söz aşiqi – Əli Tudə

admin2

Əslən Ərdəbildən – Güney Azərbaycanın söz-sənət və mədəniyyət ocaqlarının birindən idi Əli Tudə… Quzey Azərbaycana-Bakıya köçmək məcburiyyətində qalan Qulu ilə Şahbəyimin qurduğu gənc ailədə 1924-cü il yanvarın 31-də doğulmuşdu. Atası oğluna Güneydə vaxtsız dünyasını dəyişmiş nakam qardaşı Mirzə Hüseynin adını qoymaq istəyir, lakin bu zaman qardaşı ilə bağlı xatirələr gözlərinin önündə canlanır və sevincinin yerini kədər alır. Buna görə də Mirzə Hüseyn adında bir az dəyişiklik edərək uşağı Mirzəli çağırırlar. Daha sonra Mirzəli adı daha qısaldılmış şəkildə – Əli çağırılır. O, elə Əli adı ilə də gələcək sənət və iş həyatında tanınır. Qulu Bakıda neft mədənində fəhlə işləyir, lakin nümunəvi işinə görə buruq ustası vəzifəsinə irəli çəkilir və ailəsinin dolanışığını təmin edir. Lakin amansız tale körpə Əliyə xoşbəxt uşaqlıq çağlarını yaşamağa macal vermir, bir yaşında atasını, beş yaşında isə anasını əlindən alır və onu ipək xasiyyətli nənəsi Qərib xanım böyüdür. 150 nömrəli orta məktəbdə oxuyur. Həm də Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin ədəbiyyat dərnəyinə yazılır, fəallığı, şeirlərini avazla oxuması ilə qələmdaşları arasında seçilir.

İlk şeirləri Heydər Rzazadə imzası ilə “Kommunist”, “Yeni yol” qəzetlərində çap olunur, eyni zamanda radioda səslənir. Repressiya dövründə (1938) 7-ci sinifdə oxuyarkən Əli Güney Azərbaycan əsilli olduğundan nənəsi Qərib xanımla birlikdə İrana sürgün edilir və təhsili yarımçıq qalır. Ərdəbildə təsərrüfat işləri ilə məşğul olur, fəhləlik edir, ağır həyat yaşayır. Lakin davamlı mütaliə, oxuduğu saysız kitablar ədəbiyyat, söz sənətinin sevdasına düşmüş Əlini gəlişdirir, böyük şövqlə yazıb-yaratmağa ruhlandırır.

Bu fikirlər filologiya elmləri doktoru Esmira Fuadın Əməkdar incəsənət xadimi Əli Tudənin anadan olmasının 100 iliyi münasibətilə yazdığı “Ömrü boyu heç özünə də əyilməyən məğrur söz aşiqi – Əli Tudə” sərlövhəli məqalədə yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

1940-cı illərdə Güney Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulur, silahı və qələmi ilə mübarizəyə qalxır. Milli ruhlu üsyankar şeirləri ilə xalqı zülmə baş əyməməyə, istiqlala çağırır. Özü isə həm sənət, həm də inqilab cəbhəsinin əsgəri olur, aktiv fəaliyyət göstərir. 1944-cü ildə “Vətən yolunda” qəzetində “Əli Tudə” imzası ilə şeirləri çap olunur. “Yazdığım sətirlər qatar-qatar düzülsə, nəinki Xan Araza, Ana Təbrizə çatar”- deyən şair imzası ilə iftixar duyduğunu da etiraf edir və: “Tudə” təxəllüsünü xalq özü verdi mənə, Mərd fədai olmağı məsləhət gördü mənə…” – deyir.

“Hüzbi-Tudeyi-İran” partiyasının, daha sonralar Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsinin üzvü olan 21 yaşlı gənc şairə Milli hökumət dövründə Təbrizdə Maarif nazirliyinin tədris şöbəsinin, daha sonra isə Təbriz Dövlət Filarmoniyasını müdiri vəzifələri etibar edilir və o, filarmoniyanın ilk və son müdiri olur. Kəndbəkənd, şəhərbəşəhər dolaşaraq istedadlar arayır, sənətkarları işə cəlb edir, uğurlu mədəni-kütləvi layihələrə imza atır. Bir sıra siniflər üçün Ana dili dərsliklərinin hazırlanması və nəşrində böyük əmək sərf edir. O, həm söz, həm də döyüş cəbhəsinin əsgəri olur, dincəlmək bilmədən gərgin işləyir, ölkəyə, dövlətə və xalqa gecə-gündüz təmənnasız xidmət göstərir: “Ömrümün çoxunu döyüşlərdə, zindanlarda keçirmişəm, səngərlərdə yatmışam, dincəlməyə imkanım da olmayıb, ağızdolusu gülmək də qismətim olmayıb, amma daim çalışmışam, azadlığa da çıxmışam-çalışmışam, ümid də itirmişəm-çalışmışam, şeir də bitirmişəm, yenə də çalışmışam, mən bir də görüş vaxtı güləcəyəm, səsim Araz boyunca axacaq, Arazın ləpələri ipək sap kimi ayrılmış ürəkləri bir-birinə tikəcək…” O zaman:

Vətənin günəşli sabahını da

Görər, saçlarına gül taxar Araz.

Öz suyuyla yuyar günahlarını,

Bu günahsız Araz, günahkar Araz…

Milli demokratik hökuməti irticaçı qüvvələr qan içində beşikdəcə boğur. Tale bu məqamda da amansız hökmünü verir. Min bir əziyyətlə qurduqları növraq dağılır, azad, xoş günlərin ömrü çox qısa olur. Şairin üsyankar şeirlərindən oluşan kitabı Təbrizdə mətbəədəcə yandırılır. Harada tutulsa yerindəcə öldürülməsi barədə şah fərman verir. Əli Tudə mübarizəsini davam etdirmək və yenidən Vətənə qayıtmaq amacı ilə bir sıra qələmdaşları, məsləkdaşları ilə bir daha Güneydən Quzeyə-Vətəndən-Vətənə mühacirət etməli olur. 12 dekabr 1946-cı ildə İran-Azərbaycan sərhədindən keçərkən “Mən nə gətirdim” şeirini yazır və bu şeir Cənubi Azərbaycan mühacirət ədəbiyyatının ilk örnəyi olur və demokrat şairlərin manifestinə çevrilir…

Mən öz qardaşıma mehman gələndə

Bir qələm, bir dəftər, bir can gətirdim.

Dağların döşünü toplar dələndə

Bir ləkə düşməyən vicdan gətirdim…

Ucuz tutmasınlar bu sovqatımı

Hissimi, duyğumu, ehsasatımı,

Mən öz varlığımı, öz həyatımı

Doğma qardaşıma qurban gətirdim.

Cəlalını düşmən dağıdan, ana yurdumda azad olmaq istəyən, lakin heç vəchlə ola bilməyən Əli Tudə varlığını, həyatını can qardaşına qurban gətirdi… Quzey Azərbaycanda yaşadığı dövrdə də vicdanına əsla ləkə düşməyə qoymadı, onu günəşdən təmiz, gözündən əziz saxladı, məğrurluğunu qorudu. Vətənsiz özünü sudan çıxarılmış balıq, ünvansız qərib, arxa-dayaqsız yazıq bir insan sandı… Amma Azərbaycan şeirinin tacı, könül nəğməsi oldu, Vətənini qibləsi sandı, qutsal bildi, Ulu yurdu ilə öyündü…

Nə zindan, nə sürgün, nə dar ağacı

Məni sarsıtmamış, sənə əyandır…

Qoy dünya bilsin ki, şeirimin tacı,

Könlümün nəğməsi Azərbaycandır!

Doğma yurdu “balıq kimi əlindən sürüşüb çıxan” və Vətənin quzeyinə-can qardaşına pənah gətirən, onun gözəli, gülü, çiçəyi, çəməni, dənizi, dağı və daşına heyranlıqla ürək açan şeirlər qələmə alan və Bakı, Abşeron, Naxçıvan, Qarabağ – bütöv Azərbaycan silsiləsi yaradan şair heç özü də bilmədən xəyalı yönünü dəyişib Vətənin güneyinə-Ərdəbilə, Təbrizə, Savalana, Çanaxbulağa uçur, qələmi həsrətini çəkməkdən gözündə yaşlara dönən o əfsunlu-sehrli gözəlliklər diyarından yazmağa başlayırdı… Belə anlarda mükalimə yaradır, dialoq qurur, öz-özünə suallar ünvanlayır, o soruların çox sərrast cavablarını verirdi: Hanı elə bir alov ürəyə axa bilə, Vətən həsrəti qədər yandırıb yaxa bilə?!

Bakıya mühacirətdən sonra “Ədəbiyyat qəzeti”nin redaksiyasında ədəbi işçi vəzifəsinə işə düzəlir. Eyni zamanda, BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirir. Azərbaycan Dövlət nəşriyyatında redaktor, Ali partiya məktəbində müdavim, “Azərbaycan” qəzetində (Azərbaycan demokratik firqəsinin orqanı) ədəbi-şöbə müdiri vəzifəsində çalışır. 1962-ci ildən sonra isə bütün şüurlu həyatını bədii yaradıcılığa həsr edir.

“Salam, Təbriz!”də və digər şeirlərində Təbrizə salam deyir, onu ana, özünü isə ana şəfqətinə möhtac övlad adlandırır, Təbrizə, əslində, böyük Vətəninə bir övlad tək xidmət etmək istədiyini bəyan edir. Xəyalın qanadlarında doğma yerləri gəzib-dolaşır. Amma əqidəsində, məsləkində dəyişməz olan, Vətəni o tay-bu taya bölməyən, özünü bütöv Azərbaycanın oğlu-şairi sayan Əli Tudə həsrətdən yanıb-yaxılsa da, Vətənin güneyindən quzeyinə pənah gətirən digər qələmdaşları kimi, pasportunu dəyişib Arazın güney sahilinə getmir… Çünki nə vaxtsa “Təbrizə qayıdanda təzə bir dövran gətirəcəyinə” inanmışdı. Son nəfəsinədək də öz “Mən”inə, idealına, canından çox sevdiyi, güvəndiyi xalqına sadiq qaldı… Bölünmüş Vətənin-bütöv Azərbaycanın heç özünə də əyilməyən məğrur şairi oldu… Kitablarının, əsərlərinin çapından qazandığı qonorarla, harama əl uzatmadan, halal zəhmətlə ailəsini keçindirdi, qələmini çörək ağacına döndərmədi, sənətdə qürurla, ləyaqətlə dindirdi və vüqarlı, umacaqsız bir sənətkar ömrü yaşadı. Sevimli oxucularına bir ömrə sığmayan yaradıcılıq məhsulu – 50 poema, 40-a yaxın kitab ərməğan qoydu…

Miz dalında keçdi ömrün gecəsi,

Sözlərdə açıldı baxtın qönçəsi.

Fəxri adın hanı? – dedi neçəsi,

Dedim: – Təmənnasız söz aşiqiyəm!..

O, yurdunun, tarixi keçmişinin, Ana dilinin qeyrətli qoruyucusu, milli adət-ənənələrin, gələnəklərin etibarlı daşıyıcısı idi… Ana dilini dünyada Vətənə sədaqət, ataya ehtiram, anaya məhəbbət sanan şair yaradıcılığında dilin alt qatlarına enir, ən gözəl söz və kəlmələri mirvari tək sapa düzürdü… Bu zaman xalqın yaratdığı müdriklik səltənətinə-atalar sözləri və zərb-məsəllərə üz tutur və sənətdə qazandığı uğurlara görə hikmətlə şeiriyyəti özündə birləşdirən bu səltənətə minnətdar olan şair deyirdi: “Atalar sözləri əlvan nemətlərlə dolu zəngin süfrədir. Əlini uzadıb bu zəngin süfrədən istədiyin neməti götürə bilərsən. Mən də öz əsərlərimdə atalar sözlərindən geninə-boluna istifadə etmişəm. Oxuyan filosof alimlərin sözləri kitablardan sənətə gəlibsə, oxumayan filosof ataların sözləri həyatdan sənətə gəlib. Özü də ağır sınaqlardan çıxa-çıxa, oxuyan filosof alimləri heyran qoya-qoya gəlib. Ataların bir sözü bir xalqa istiqamət də, ruh da, təpər də verə bilər”. Əli Tudə bunca yüksək dəyər verdiyi müdrik fikirlər xəzinəsindən: “Çox yemək insanı az yeməkdən də qoyar”; “Neyləyirəm qızıl teşti içinə qan qusum”; “Keçmə namərd körpüsündən, qoy aparsın sellər səni”; “Aslanın erkəyi, dişisi olmaz”; “Yaxın qonşu uzaq qohumdan əfzəldir”; “İgid odur hər cəfaya qatlana, döyüşlərdə atdan düşsə atlana”; “Çərçi qabındakını çağırar”; “Vay o iki ələ ki, bir başı saxlaya bilmir”; “Vaxt dən idi, iş dəyirman” və s. kimi örnəklərlə yanaşı, özünün yaratdığı kəlamlar da həmin məna yükünü daşıyır: “Məhəbbətsiz həyat soyuq, nəvazişsiz şair kobud, ilhamsız sənət quru olar”, “Gözəllər nadir sərgi, dünya geniş meydandır”; “İlk sevgi şirin olur, ancaq kama çatanda daha da şirin olur”; “Elə ilk sevgilər olur ki, sonu vüsal olur. Ancaq sonra sevənlər özləri öz xoşlarıyla ayrılır. Bəli, hicranı öz talelərinə özləri gətirir. İkinci dəfə, bəlkə də üçüncü dəfə sevəndə öz səadətini tapırlar”; “Ürəyi gözəl, özü çirkin olan adam gözəldir. Ürəyi də, özü də gözəl olan adam ikiqat gözəldir”, “Ancaq dünya görmüş qoca bilir ki, əsarət dəhşətdir. Təslim olmaqdan ölüm yaxşıdır. Düşmən önündə bütöv əyilməkdənsə, qayadan atılıb parça-parça olmaq daha əfzəldir…” və s. Son fikirlərini ürəyinin dərinliyində qubar bağlamış kədərli duyğularının sonucunda sətirlərə köçürüb… Sevgi onun üçün mətnini zamanın belə oxuya bilmədiyi ecazkar yazı idi. Sevdiyini hər şeyə, hətta üzünə azacıq toxunan yarpağa, budağa belə qısqandığını və özü bədbəxt olsa da, nəyin bahasına olursa-olsun, sevdalısı olduğu gözəli xoşbəxt etmək amacında olduğunu yazır:

Gecə gülümsədin bir mələk kimi,

Çaldı gözlərimi ala gözlərin,

Könlümdən şığıyıb bir şimşək kimi,

İstədi canımı ala gözlərin…

Məhəbbətin sözlə ifadəsi olan sevgi məktubları isə Əli Tudə qələmində talelərdən biçilir, həm söz, həm rübab dilə gələn bu kağız parçaları eyni adı daşısalar da, səmimi hissləri, məhrəmliyi ilə seçilir. Şairin obrazlı təfəkküründən süzülən yeni ifadələri – “Arzular da şəhid olurmuş”, “Təbrizlilər kədəri sevinclə darayandır, Göz yaşı içində də təbəssüm arayandır..”, “Aysız həyətin divarı üstündə hər ulduz bir çıraq olur”, Bakı gülümsəyir, Təbriz ağlayır”, “Zaman ilk sevginin hekayətini qara tellərimə ağ xətlə yazdı”, “Arazın dalğaları yana-yana çağlayır, misralara çevrilib şeirimizdə ağlayır” misraları poetik kəşflərindəndir…

Hər zaman xalqının yanında, arxasında oldu, onun sevincini sevinci, kədərini kədəri sandı, insanların təbəqələşməsinə, varlıya-yoxsula bölünməsinə biganəlik göstərmədi. Bu fərqi qəbul etmədiyini ən zərif misralarında da hiss etdirdi:

Ağanın xanımı baxıb ərinə,

Yekə qulağına almaz taxardı,

Qızlar, kasıb qızlar sırğa yerinə,

İncə qulağına gilas taxardı…

Göründüyü kimi, poeziyasında həssas şair münasibətinin orijinal ifadəsi, şüurla hissin, ağılla ürəyin polemikası oxucunun diqqətini çəkir, onu dərindən düşünməyə səfərbər edir. Beləcə, fikirlərini möhkəmləndirmək üçün yenə də xalqın hikmət xəzinəsinə, atalar sözü və zərb-məsəllərə söykənir, özünün də müdrik fikirlər boxçasını yaradır. Canı qədər sevdiyi, uğrunda ölümə belə hazır olduğu xalqını söz ləl-cəvahiri ilə bəzəyir:

Xalqı körpü eləyib üstündən keçmək olmaz,

Xalqın fəlakətindən səadət biçmək olmaz…

Yox, xalq dənizdir, onu bəlalar qaralayar,

Tufanlar döyəcləyər, şimşəklər paralayar.

Dənizin içindəsə təlatümlər yetişər.

Dəniz hardan bölünsə, yenə ordan bitişər…

Dostlar, haqlı yaşayar, ancaq haqsız yaşamaz,

Xalq dövlətsiz yaşayar, dövlət xalqsız yaşamaz…

Əslində hər bir şair əsərlərində özünü yazır, başından keçənləri bədii örpəyə bükərək qələmə alır. Əli Tudənin də şeir və poemalarında, ən başlıcası, xatirələrində misralar, sətirlər onun gerçəklərini, həyat həqiqətlərini pıçıldayır. Xatirələrindən oluşan beşcildliyi ilə o, çağdaş dövrdə memuar ədəbiyyatını inkişaf etdirir, bu sahədə də öz möhürünü vurur… 50 illik yaradıcılığı boyu qələmə aldığı şeir və poemaları ilə yanaşı, “Mənə elə baxma”, “Öz gözlərimlə”, “Tellərdə çırpınan həsrətlər” adlı nəsr əsərləri çağdaş nəsrin gözəl nümunələri kimi dəyərləndirilir. “Təbriz gözəlinə məktub” və s. poemalarına isə epistolyar janrın nəzmlə yazılmış ən mükəmməl örnəyidir, deyə bilərik…

Baş verən hadisələrin çoxu avtobioqrafik xarakter daşıyan, qəhrəmanları azadlıq hərəkatı mərhələlərində, qaynar həyatda yetişmiş cəsur insanlar, hadisələr isə şairin yaşadığı, yazıb-yaratdığı illərdə baş vermiş əhvalatlar olan “Yaralanmış nəğmələr”, “Yanıqlı tütək”, “Həyat sınağı”, “Gecikmiş vüsal”, “Tarixin bir səhifəsi”, “Səngərli qala”, “Doğma səs”, “Hicran yolu”, “Qartal uçuşu”, “Sən indi hardasan”, “Çanaxbulaq dastanı” və s. poemalarında mərd xalqının həyatından və onun azadlıq uğrunda mübarizəsindən iftixarla bəhs edir…

O, söz adamı idi. Qəlbini xoş niyyətlər, fərəhli duyğular, gözəlliklərə heyranlıq hissləri çulğayırdı… Siyasətlə, onun min bir üzü ilə uğraşmaq istəmir, savaş, qan-qada, insan ölümləri, soyqırğınlar rahatlığını əlindən alır, ürəyini sıxırdı:

Haqqın da bir üzü var, birüzlü adam kimi,

Ona görə yolundan dönməyir inam kimi.

Bəli, ikiüzlüdür siyasət də Ay kimi

İkisi də yaşayır bir-birinə tay kimi…

“Hər nazik cığır da bir təranədir, hər kiçik daşın da öz dastanı var!” – deyən şair Vətənin hər cığırının nəğməsini eşidir, özü də şeir və poemalarında, xatirə və nəsr əsərlərində yurdunun hər qarışına əbədi sevgi nəğməsi oxuyur və Vətən daşının-özünün dastanını yaradırdı. Amma bu dastanı yarımçıq sayırdı Əli Tudə… Çünki Azərbaycan bütöv deyildi, Arazın o sahili ilə bu sahili hələ birləşməmişdi… Və o, bölünmüş Vətənin şairi olaraq qalırdı. Ləyaqətli oğlu, fiziksəl və ruhsal varisi Natiq Cavadzadə atasının yaratdığı misilsiz söz xəzinəsindən seçdiyi nümunələrdən oluşdurduğu 20 cildliyin birini elə “Yarımçıq dastan” adlandırıb… Atasını bir övlad, Əli Tudəni isə əsl şair-ziyalı kimi dərindən tanıyıb sevən Natiq onun sandıqda qalan və yayımlanmış əsərlərindən seçmələri bir araya gətirir və şəxsi vəsaiti ilə düz 20 cilddə nəşr etdirir. Bəlkə də o, oğlunun hansı ürəyə, ruha və qədrdanlığa sahib olduğunu bilirdi. Bilirdi ki, Natiq onun fiziksəl və ruhsal varisi missiyasını ləyaqətlə yerinə yetirəcək, əməllərinin davamçısı olacaq. Elə “Oğlum” xitab şeirində yazdığı kimi:

Sən atanı andıran, çırağını yandıran,

Müşkülləri sındıran gümanımsan, ay oğlum!

Sən mərdliyi xoşlayan, namərdliyi daşlayan,

Məndən sonra başlayan dövranımsan, ay oğlum!

Ana təbiətin bəxş etdiyi ecazkar gözəlliklər qarşısında duyduğu heyranlıqla Əli Tudə mükəmməl, orijinal bədii təsvirlər, bədii lövhələr yaradır, sözlə rəsmlər çəkirdi sanki… Şairin maraqlı təhkiyə üsulu oxucunun könlünü riqqətə gətirir, yüksək sənətkarlığı heyrət doğurur: “Nir qəsəbəsini təzəcə keçmişdik ki, noğul-noğul qar yağmağa başladı. Qar acı-acı əsən sazağın titrək qanadlarında çöllər boyunca səpələndi. Təpə-təpə qalandı. Yol uzunu qar yağır, hava qaralır, hərəkət çətinləşirdi. Maşınımız gecənin qara köynəyini yırta-yırta, ulduz-ulduz ələnən qar işığında ağ ləpələri yara-yara irəliləyirdi…”

Şairin təşbehləri, bənzətmə və metaforaları, mahir sözoynatmaları, qanadlı fikirləri yüksək poetik ustalığının bəlirtiləridir və bütün bunlar onun həssas, incə ruhundan süzülürdü misra və sətirlərə: “Ağaclar payızda yol üstə qonmuş qanadları bəzəkli məğrur, iri, sakit qartallara bənzəyirdi. Ancaq sən xəzan yellərindəki gücə bax ki, öz soyuq nəfəsləri ilə o nəhəng quşların əlvan tüklərini yolub çəngə-çəngə havaya sovura bilirdi. Quşlar isə bu gözgörəsi talana müqavimət göstərməyib sarı göz yaşları tökə-tökə dözürdü, çünki ağac zümrüd yanaqlı övladlarının zəfəran yanaqlı övladlarına baxıb həyəcandan, təlaşdan, xiffətdən saralmağını istəmirdi. Ana torpağın başına yağdırdığı qızıl pul şabaşlarıyla öz yasını toya döndərməyə çalışırdı…”

“Deyirlər keçmişdə atalar quruyan, ya da qurumaqda olan ağaca baltanın arxası ilə vurar, ağacı balta zərbəsi ilə diksindirər, oyadar, özünə gətirərmişlər… Ağac da oyanar, nəyə qadir olduğunu yadına salıb yenidən göyərərmiş. Millət də belədiir. Millətin silkələnməsi, oyanması, özünə gəlməsi üçün də ya bir xəbər, ya bir soraq, ya da bir həyəcan dalğasının təkanı kifayətdir. Millət başının üstünü alan təhlükəni görüb ayağa qalxır. Sonra əcdadını yada salır. Daha sonra öz kökünə qayıda-qayıda bütün maneələri dəf edir. Xariqələr yarada-yarada nəyə qadir olduğunu bütün dünyaya sübut edir…” Vətəndaş şairin bu fikirləri 27 sentyabr 2020-ci ildə başlayan və 8 noyabrda möhtəşəm Şuşa zəfəri ilə başa çatan, 2023-cü ilin 19 sentyabrında isə lokal tədbiri ilə Xankəndi, Xocalı və Ağdərəni düşməndən azad edib bütünlükdə Qarabağın əsl sahibinə qaytarılmasının proqnozu saymamaq mümkünsüzdür…

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00