Ana səhifə XəbərlərCəmiyyət Azərbaycan xalqı öz gələcəyini yenidən bir daha əminliklə ancaq və ancaq İlham Əliyevə etibar etdi

Azərbaycan xalqı öz gələcəyini yenidən bir daha əminliklə ancaq və ancaq İlham Əliyevə etibar etdi

admin2

Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub. Belə mühüm günlərdən biri də bu il fevral ayının 7-nə təsadüf etdi.

Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız ötən gün keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək dördüncü dəfə onu özünə yeni Prezident seçdi. O bu xalqa ilk müraciətində “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” – demişdi. Bu gün həmin ifadənin həqiqətə çevrildiyi tarixə şahidlik etmək hər bir azərbaycanlıya yalnız qürur hissləri yaşadır.

 

Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə və nəhayət yenicə başlayan 2024-cü ilin 7 fevralında baş tutan prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.

 

İlham Əliyevin rəhbərlik etdiyi illər ərzində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

 

Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev xarici KİV-ə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.
Əlbəttə, Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən on doqquz ilə nəzər salsaq görərik ki, ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.

Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peykləri orbitdə uğurla fəaliyyət göstərir.

Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox layihələrin, inqilabi islahatların müəllifidir.

 

Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Füzuli aeroportu artıq təyyarələri qəbul edir, Şuşaya gedən Zəfər yolunun tikintisi tamamlanıb. Ağdam və Cəbrayıl şəhərlərinin bərpasının təməli qoyulub. Prezidentimiz deyir ki, Qarabağ tezliklə cənnətə çevriləcək, keçmiş məcburi köçkünlər maksimum qısa müddətdə doğma yurdlarına qayıdacaqlar.

 

Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaqdır.

 

Məhz bu birliyin təzahürüdür ki, ötən gün keçirilən Prezident seçkilərində Azərbaycan xalqı öz gələcəyini yenidən bir daha əminliklə ancaq və ancaq İlham Əliyevə etibar etdi.

Hörmətli Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə şəxsən öz adımdan və İctimai Birliyimizin bütün üzvləri, Göygöl rayon Qaziləri adından Sizə səmimi təbriklərimi çatdırıram. Əminəm ki, Azərbaycan Sizin rəhbərliyinizlə bütün dövlət quruculuğu təşəbbüslərində yeni nailiyyətlər əldə edəcək.

Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm.

 

Araz Abbasov,

Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Göygöl rayon filialının sədri,

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00