Avropa İttifaqı (Aİ) sakinlərinin depressiv psixi vəziyyəti ittifaq iqtisadiyyatına 600 milyard avroya başa gəlir.
Bu barədə Polşa İqtisadiyyat İnstitutunun (PIE) analitik mərkəzindən bildirilib.
“Aİ-nin 27 ölkəsində və Böyük Britaniyada psixi sağlamlıq problemlərinə görə ümumi xərclər 600 milyard avrodan artıqdır, yəni ÜDM-in 4,2%-ni təşkil edir. Bu xərclərin 1/3-dən çoxu məşğulluq və məhsuldarlığın azalması ilə bağlıdır”, – deyə hesabatda qeyd edilir.
Bundan başqa, “Eurobarometer”in sorğusuna əsasən, respondentlərin 62%-i ruhi vəziyyətlərinə Ukraynadakı münaqişənin və COVID-19 pandemiyasının təsir etdiyini bildirib.
Qeyd olunur ki, psixi xəstəlik, təkcə Aİ iqtisadiyyatı üçün deyil, bütövlükdə dünya iqtisadiyyatı üçün problemə çevrilib. Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2030-cu ilə qədər bu cür xəstəliklərin müalicəsinin dəyəri bütün qeyri-infeksion xəstəliklərlə mübarizənin qlobal xərclərinin yarısını təşkil edəcək.
Mənbə: Interia.pl