Ağ Ev Avropa Birliyinin və bu quruma üzv olan dövlətlərin təhlükəsizlik maraqlarının təmin edilməsində iştirakdan kənara çəkilə bilər… ABŞ-da keçiriləcək prezident seçkilərinin yekun nəticələri ən yaxşı halda, NATO-nun hansı sürətlə dağılacağını müəyyən edəcək, “qoca qitə”ni fəlakət dövrü gözləyir…
Dünyanın bütün diqqəti məhz ABŞ-a yönəlib. Qərb siyasi dairələri hesab edirlər ki, dünyanın gələcək taleyi böyük ölçüdə bu ilin noyabr ayında ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinin yekun nəticələrinə bağlıdır. Həmin nəticələr onilliklər boyu – ikinci dünya müharibəsindən sonra mövcudluq qazanmış beynəlxalq siyasi və hüquqi sistemin dağılmasına da yol aça bilər. Yəni, Qərbdə bir çoxları hazırda yeni dünya düzəninin hansı modeldə olacağının müəyyənləşməsini daha çox məhz ABŞ-da keçiriləcək seçkilərin nəticələri ilə əlaqələndirirlər.
Belə anlaşılır ki, Qərbdə artıq prezident Co Baydenin məğlubiyyəti və Donald Trampın isə qaçılmaz qələbəsi ilə barışmağa başlayıblar. Avropa Birliyi yeni dövrə hazırlaşmağa üstünlük verir. Üstəlik, ABŞ-da növbəti prezident seçkilərinin keçiriləcəyini Ağ Evin indiki sahibindən başqa hamının bilməsi də müəyyən təzadlar yaradır. ABŞ respublikaçıları iddia edirlər ki, Ağ Ev sahibi Co Bayden nəinki seçkilərin keçiriləcəyini, hətta ona davamlı xatırladılmasa, özünün prezident olduğunu da unutmuş durumdadır.
ABŞ respublikaçıları prezidentliyə namizədləyi təkrar irəli sürüləcək Ağ Ev sahibinin sağlıq durumu barədə seçicilərə məlumat verilməsini tələb etsələr də, demokratlar bu barədə ya susmağa, ya da suallardan müxtəlif bəhanələrlə yayınmağa üstünlük verirlər. Ancaq prezident Co Bayden ictimaiyyət qarşısına çıxarkən, qəribə hərəkətlər etməklə, hətta bəzi ölkələrin 15-20 il əvvəl dünyasını dəyişmiş siyasi liderləri ilə görüşdüyünü, beynəlxalq problemləri həll etdiyini söyləməklə, demokratları çətin vəziyyətə salır. Və nəticədə respublikaçılar demokratlara qarşı ABŞ-ın gələcək taleyi üzərindən siyasi hücum şansı qazanmış olurlar.
Ona görə də, ABŞ-da hər ötən gün daha da intensivləşən seçki rəqabətini fillərlə (respublikaçılar) eşşəklərin (demokratlar) savaşına bənzətmək olar. Müşahidələr isə onu göstərir ki, hələlik fillər eşşəkləri ayaqlarının altına salıb, amansızcasına tapdalayırlar. Avropa ölkələrini, eləcə də, ABŞ-ın digər hərbi-siyasi müttəfiqlərini qorxudan əsas məqam məhz bununla bağlıdır. Və indiyə qədər ABŞ-a böyük ümidlər bəsləmək vərdişləri olan dünya ölkələrinin bəziləri də fillərin ayaqları altında qalıb, əzilə biləcəklərindən narahatdırlar.
Qərb mətbuatı iddia edir ki, Avropa Birliyi bundan sonra daha ABŞ-a güvənə bilməz. Çünki ABŞ Avropa Birliyinin və bu quruma üzv olan dövlətlərin təhlükəsizlik maraqlarının təmin edilməsində iştirakdan kənara çəkilə bilər. ABŞ-da keçiriləcək prezident seçkilərinin yekun nəticələri isə ən yaxşı halda, NATO-nun hansı sürətlə dağılacağını müəyyən edəcək. Və bu baxımdan, Avropa Birliyini yaxın gələcəkdə təhlükəsizlik baxımından, ümidverici dövr gözləmir.
Məsələ ondadır ki, Qərbdə bütün hərbi-siyasi və maliyyə-iqtisadi hesablamalar məhz Donald Trampın prezident seçilmə ehtimalı üzərindən aparılır. Ağ Evin keçmiş sahibi isə hələ ilk prezidentliyi dönəmində Avropa Birliyinə qarşı rəqib mövqeyindən çıxış edirdi. Bu quruma münasibətdə radikal iqtisadi-ticari siyasətə üstünlük verirdi. NATO-nu isə ümumiyyətlə, lazımsız qurum kimi “ABŞ-ın çiynində daşınması vacib olmayan yük” hesab edirdi. Və ən qısa zamanda ABŞ-ın NATO-dan çıxmasının vacibliyini gündəmə gətirib, qabardırdı.
Maraqlıdır ki, Donald Trampın bu mövqeyi qətiyyən dəyişməyib. Əksinə, keçmiş Ağ Ev sahibi artıq indidən Ukrayna savaşını dayandıracağını, rəsmi Kiyevə hərbi dəstəyi kəsəcəyini və ABŞ-Rusiya münasibətlərini bərpa edəcəyini açıq mətnlə bəyan edir. Buna əlavə olaraq, Donald Tramp hakimiyyətə gələcəyi təqdirdə, ABŞ-ın NATO-dan çıxacağını da təkrarlamağı qətiyyən unutmur. Və bu, Avropa Birliyinin hərbi-təhlükəsizlik sisteminin dağılması ilə bağlı təhlükəni daha da aktuallaşdırır.
Ona görə də, Avropa Birliyinin aparıcı ölkələri, xüsusilə də, Almaniya öz hərbi-siyasi prioritetlərini tələsik dəyişmək planları qurmağa başlayıblar. Belə ki, Almaniya kansleri Olaf Şolts Avropa Birliyi ölkələrini dərhal hərbi müdafiə sənayesini əlavə maliyyə vəsaiti ayırmaqla, gücləndirməyə çağırıb. Onun fikrincə, onilliklər boyu silah istehsalında məhdudlaşdırma siyasəti yürütmüş Avropa Birliyi ölkələri indi əks istiqamətdə hərəkət etməlidirlər. Və kütləvi şəkildə genişmiqayslı hərbi texnika istehsal etməyə başlamalıdırlar.
Ancaq Qərb ekspertləri artıq “tank kansleri” ləqəbini qazanmış Almaniyanın hökumət başçısının bu çağırışlarının Avropa ölkələrinə qısa müddətdə fayda verəcəyinə qətiyyən inanmırlar. Onların fikrincə, Avropa ölkələri onilliklər boyu hərbi istehsaldan imtina etməklə, çox vaxt itiriblər. İndi hərbi sənaye komplekslərinin müasur tələblərə uyğun yenidən qurulmasına külli miqdarda maliyyə vəsaiti lazımdır. Və Avropa ölkələrinin həmin maliyyə vəsaitlərini öz dövlət büdcələrindən ayıracaqları təqdirdə, daxili sosial problemlərlə də üzləşə bilərlər.
Üstəlik, bütün bunlar mümkün olsa belə, Avropa Birliyi hərbi istehsalda itirilmiş zamanı qapatmaq şansına sahib deyil. Çünki Avropa ölkələrinin hərbi ehtiyaclarının “qoca qitə”də silah istehsalı hesabına qapadılması üçün ən azı 10-15 illik zaman lazımdır. Halbuki, Avropa Birliyini gözləyən hərbi təhlükənin aradan qaldırılması üçün o qədər vaxt yoxdur. ABŞ-da Donald Trampın prezident seçilməsi Rusiyanın Ukrayna savaşından üstün mövqelərlə çıxmasına imkan yarada bilər. Bu haldasa, Kremlin Ukraynaya fəal dəstək vermiş Qərb ölkələrinə, o cümlədən də, Avropa Birliyinə qarşı “qısas əməliyyatı”na hazırlaşmağa başlayacağı qətiyyən şübhə doğurmur.
“Yeni Müsavat”