Ana səhifə XəbərlərSiyasət Qürubunu yaşayan Minsk qrupu – bu gün “turist diplomatiyası” heç kimə lazım deyil

Qürubunu yaşayan Minsk qrupu – bu gün “turist diplomatiyası” heç kimə lazım deyil

redaktor

Son günlər bir sıra Qərb dövlətləri tərəfindən Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləri ilə əlaqədar süni gündəm yaradılması cəhdləri müşahidə edilir. Bu səpkidə ortaya atılan məsələlərdən biri də ATƏT-in Minsk qrupunun dirçəldilməsidir. Reallıq isə bu qurumun iflasa uğraması, siyasi vəfatının və dəfn mərasiminin baş tutması, bir sözlə, ATƏT-in Minsk qürubunun yaşanmasıdır. Bəli, gerçəkliklər uzun müddət “siyasi reanimasiya”da olan Minsk qrupunun vəfatını təsdiqləyir. Ona görə də təkcə azərbaycanlı ekspertlər deyil, dünyanın nüfuzlu siyasi şərhçiləri və mötəbər strateji araşdırma mərkəzlərinin nümayəndələri də “ATƏT-in Minsk qrupu faktiki yoxdur”, “Minsk qrupu öldü, dəfn olundu”, “Bu, zatən ölü doğulmuş təşkilat idi” kimi rəylər ifadə edirlər.

Bu fikirləri  YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli bildirib.

N.Qələndərli qeyd edib ki, bəs Minsk qrupu niyə fiaskoya məhkum oldu? Bu suala cavab tapmaq üçün yeni suallar vermək lazımdır. Məsələn, ATƏT-in Minsk qrupunun vəzifəsi nə idi? Vasitəçilik… Bəs missiyası? Tənzimləmə qrupu kimi münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları əsasında həllinə nail olmaq… Nəticə nə oldu? Azərbaycan öz milli gücü ilə, hərbi-siyasi yolla münaqişənin həllinə nail oldu. Azərbaycanın 44 günlük müharibədə möhtəşəm Qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin – mühüm bir presedentin yaradılmasıdır. Söhbət BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir. Eyni zamanda, “Münaqişənin hərbi həlli yoxdur” deyənlərin, işğalçı ilə işğala məruz qalanı eyniləşdirənlərin siyasəti iflasa uğradı.

“Sadə bir fakta nəzər salaq: Ermənistanın təcavüzkar siyasətini davam etdirməsinə, məlum qətnamələri yerinə yetirməməsinə görə bu ölkəyə qarşı sanksiya tətbiq edilməsi imkanı olsa da, belə bir təşəbbüs irəli sürülmədi. ATƏT isə ya siyasi susqunluq nümayiş etdirdi, ya da formal bəyanatlar verməklə kifayətləndi. Bu, ikili standartlar siyasətinin və selektiv yanaşmanın bariz nümunəsi idi. Çünki dünya təcrübəsində müxtəlif ölkələrə qarşı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin dərhal və tam icrasına dair kifayət qədər fakt və nümunə var idi. Məsələn, 1990-cı il avqustun 2-də İraq ordusu Küveytə hücum edərək onu işğal etmişdi. BMT 7 ay davam edən işğala görə İraqa qarşı sanksiyalar tətbiq etmiş, ABŞ və onun müttəfiqləri isə təşkilatın Təhlükəsizlik Şurasından mandat alaraq 1991-ci ilin fevralında “Səhrada tufan” əməliyyatına başlamışdılar”, – deyən şöbə müdiri əlavə edib ki, Azərbaycan uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Amma qeyd etdiyimiz kimi, ölkəmiz bu ədalətsizliyi öz gücü ilə aradan qaldırdı, bütün dünyaya işğalçı siyasətin və separatizmə əsaslanan mövqeyin, yaxud neqativ geosiyasi amil olan bölücülüyə rəvac verən aqressiv politikanın hər hansı bir perspektivi olmadığını sübut etdi. Bu, həm də ATƏT-in “premature” qurumunun perspektivsizliyini bir daha nümayiş etdirdi.

N.Qələndərlinin sözlərinə görə, artıq Minsk qrupunun keçmiş missiyasına uyğun fəaliyyətinə ehtiyac – lüzum yoxdur. Daha dəqiq desək, “turist diplomatiyası” heç kimə lazım deyil. İndi əsas məsələ postmüharibə dövründə bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, 2020-ci il 10 noyabr tarixli Bəyanatda əksini tapan məsələlərin icrası, kommunikasiyaların açılması və digər bir sıra istiqamətlərdə fəaliyyət göstərməkdir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00