Ana səhifə XəbərlərCəmiyyət Azərbaycanda su ehtiyatları niyə azalır?

Azərbaycanda su ehtiyatları niyə azalır?

- AÇIQLAMA

admin2

Son illər şirin su qaynaqlarının ciddi şəkildə azalması, suvarma üçün yararlı olan su mənbələrinin quruması aktual məsələlərdən birinə çevrilib. Yay aylarında çaylarda sululuğunun azalması ciddi həyəcan siqnalıdır. Qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar artıq mübarizə tədbirləri aparılır.

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, hidroloq alim Rza Mahmudov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, dünyanın qar-buz örtüyünün azalması çayların qida mənbələrinin də azalmasına yol açır.

Onun sözlərinə görə, Tufandağ, Şahdağ və Bazardüzündə buzlaqların sahəsinin az da olsa azalması, bu dağların hövzələrində olan Qusarçay və Qudyalçayın suyunun axımına birbaşa təsir göstərir.

Bəşəriyyətdə mövcud olan iki ən böyük problemlərdən birinin iqlim dəyişikliyi, digərinin isə su çatışmazlığı olduğunu söyləyən alim deyib ki, bu gün ölkəmizdə də su problemi aktual məsələlərdən biridir. O vurğulayıb ki, qlobal istiləşmə dünya okeanlarından tutmuş kiçik su hövzələrinə qədər öz təsirini göstərməkdədir:

“Bunun da birbaşa səbəbi təbii və antropogen amillərlə bağlıdır. Qlobal miqyasda temperaturun artması çayların qida mənbələrinə, axımın formalaşmasına, axımı formalaşdıran amillərə təsir göstərir. Orta temperaturun artması ilə çaylarda illik axım azalmaqla yanaşı, həm də rejim dəyişkənliyi baş verir. Ölkəmizdə orta illik yağıntının miqdarı da normadan 26-30 millimetr azalıb. Bu, Azərbaycanın aztəminatlı su ehtiyatına malik olan ölkələr sırasına düşməsinə yol açıb. Həmçinin Kür çayının suyunun bir hissəsinin su anbarlarında toplanması və qonşu ölkələrdə çayın suyundan istifadənin artması da Azərbaycan ərazisində suyun azalmasına təsir edən amillərdəndir. Bu gün həm dünyada, həm də ölkəmizdə çayların illik axınının azalması rejim dəyişkənliyi səbəbindən baş verir. Əgər illik axın azalır və rejim dəyişikliyi baş verirsə, suya olan tələbat və insan faktoru mövcud problemi daha da kəskinləşdirir”.

Kürdə suyun azalmasının ekologiyaya təsirlərinə toxunan hidroloq alim hesab edir ki, Azərbaycanın əsas su ehtiyatını Kür, Araz və onların hövzələrinə daxil olan çaylar təşkil edir: “Eyni zamanda Böyük Qafqazın şimal-şərq yamacından və Lənkəran təbii vilayətindən axan və illik axınları 2,4 kub/kilometr təşkil edən çaylar ümumi su ehtiyatımıza daxildir. Azərbaycanın ümumi su ehtiyatı 28-30 kub/kilometr arasında dəyişir və azsulu illərdə bu rəqəm daha da aşağı düşür. Ölkəmizin əsas su təminatı transsərhəd çay suları hesabına formalaşır. Belə ki, Kür və Araz çayları və onların transsərhəd qolları, Ermənistana və Gürcüstana axan çaylar, onların hamısı bizim əsas su ehtiyatımızı formalaşdıran mənbələrdir. Təəssüf ki, bir zamanlar daşıb Salyanı, Sabirabadı və İmişlini su altında qoyan Kür çayı son illərdə qurumağa başlayıb. Bu çayın da əsas qida mənbələrini qar-su ehtiyatı, yağışlar, yeraltı sular təşkil edir. Bu gün yağıntı, qar suyu ehtiyatı azalırsa, yeraltı suların səviyyəsi aşağı düşürsə, buxarlanma artırsa, təbii ki, Kürün axını da azalacaq”.

İşğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatlarına da nəzər salan Rza Mahmudov vurğulayıb ki, Qarabağ ərazisinin su ehtiyatlarında 2,14 kub/kilometrdən 1,93 kub/kilometrə qədər azalma müşahidə edilir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00